11/10/2018 10:17

İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən 3 nəfər saxlanılıb

Oktyabrın 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycana dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.