14/11/2019 10:42

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “metamfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götürülüb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gətirən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.