08/02/2019 10:50

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX tərəfindən 21 kq 775 qram narkotik vasitənin, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçirilməsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alınıb, sərhəd pozucuları sərhəd naryadlarının qanuni əmrlərinə tabe olmayıb və qaçaqmalı sərhədboyu zolaqda ataraq geri qaçıblar.

Fevralın 3-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olunmuş 4 ədəd bağlamada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tiryək”, 105 qram “marixuana”, həmçinin 190 ədəd “tramol 225” markalı həb, 175 ml “mydrax” markalı narkotik tərkibli məhlul aşkar edilərək götürülüb.

Fevralın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayı, əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.

Həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin hərəkətini aşkar edən sərhəd naryadı tərəfindən ”dayan” əmri verilib, lakin sərhəd pozucuları tabe olmayaraq geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib. Nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “kokos”, 390 qr kristal şəklində narkotik maddə olan “heroin”, 360 qr “marixuana” və 71 ədəd “psixotrop həb” aşkar edilərək götürülüb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 nəfər Azərbaycan vətəndaşı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu  və 1977-ci il təvəllüdlü İsmayılov Ramil Ulduz oğlu saxlanılıb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.