08/01/2018 12:47

İranın “Bavar-373” ZRK-ləri bu il silahlanmaya qəbul ediləcək

İran Silahlı Qüvvələri “Bavar-373” zenit-raket kompleksinin (ZRK) bütün ilkin sınaqlarını yekunlaşdırıb.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Xatəm-ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini, general Əbülfəzl Sepehri-Raad deyib.

General bildirib ki, “Bavar-373” ZRK-lərin ilkin sınaqları uğurla nəticələnib. “Bavar-373” komplekslərinin 2018-ci il ərzində silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Məlumatda o da qeyd olunub ki, Rusiyadan alınan S-300 ZRK-lər İran daxilində bütün testlərdən keçirilib və Silahlı Qüvvələrinin istismarına qəbul edilib.

İran mütəxəssislərinin sözlərinə görə, “Bavar 373” versiyası S-300 ilə müqayisədə artırılmış mobilliyə, çevikliyə və digər xüsusiyyətlərinə görə Rusiya modelindən daha üstündür.