11/01/2018 13:52

İranın “Dəmavənd” hərbi gəmisi Xəzərdə qəzaya uğrayıb

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Dəmavənd” hərbi gəmisi Xəzər dənizində qəzaya uğrayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Mehr” agentliyi hərbi mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, “Dəmavənd” hərbi gəmisi Bəndər-Ənzəli limanında beton dalğaqıranına çırpılıb.

Nəticədə gəminin 6 nəfər heyəti dənizə düşüb. Onlardan 4 heyət üzvü xilas edilib, digər itkin düşən 2 nəfərin isə axtarışı davam etdirilir.

Hadisənin sərt hava şəraiti səbəbindən baş verdiyi, gəmiyə dəyən zərərin qısa müddətə aradan qaldırılacağı bildirilib.

Qeyd edək ki, heyəti 150 nəfərə yaxın olan “Dəmavənd” döyüş gəmisinin uzunluğu 94,5 metrdir. Gəminin suya oturan hissəsi 4,3 metr, subasımı 1300 tondur. “Dəmavənd” 76 mm-lik və 20 mm-lik toplarla, 4 ədəd “Nur” raket kompleksi ilə silahlandırılıb. Bundan başqa 30 və 12,7 mm-lik iriçaplı pulemyotlarla da silahlandırılan gəmi “Furuno” RLS sistemi ilə təchiz olunub.