30/11/2017 17:10

İranın “Kərrar” tankı yaxın vaxtlarda silahlanmaya qəbul ediləcək

İranın “Kərrar” (Hücum) versiyalı yeni milli tankı yaxın vaxtlarda Silahlı Qüvvələrin invertarına daxil ediləcək.

“AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verir ki, bunu İranın müdafiə naziri, general Əmir Hatəmi deyib.

Bildirilib ki, İran mühəndisləri tərəfindən dizayn edilən və yaradılan “Kərrar” tankının seriyalı istehsalına cari ilin martında başlanılıb.

“Kərrar” tankı elektro-optik sistem və lazer məsafə ölçmə cihazı ilə təchiz edilib. Bu da ekipaja hədəflə tank arasındakı məsafəni dəqiq müəyyənləşdirməyə imkan verir. Bundan başqa “Kərrar” naviqasiya və rabitə sistemlərilə də təmin olunub. Səhrada və dağlıq ərazilərdə sürətli manevr imkanına malik olan tank həmçinin su altında hərəkət etməyə qadirdir.

General Əmir Hatəmi bildirib ki, “Kərrar” müxtəlif növ silahlara davamlı zirehli qoruma sisteminə malikdir.

Məlumatda o da qeyd olunub ki, yeni tank döyüş gücü, atış dəqiqliyi və mobilliyi, eləcə də texniki və davamlılıq imkanları sahəsində dünyanın ən qabaqcıl tankları ilə rəqabət apara bilər.