08/03/2018 18:18

İŞBİR ordu üçün yeni enerji texnologiyalarını müzakirəyə çıxardı

Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (Türk Silahlı Kuvvetlerini Güçlendirme Vakfı – TSKV) şirkətlərindən olan İŞBİR tərəfindən Balıkəsirdə sayca ikinci olan “Generator və enerji sistemləri” mövzusunda seminar keçirilib.

“AzeriDefence”nin məlumatına görə, seminarda çıxış edən İŞBİR şirkətinin baş direktoru Bürhan Özgür və şirkətin nümayəndəsi Mərvə Özdəm şirkətin fəaliyyəti və layihələri barədə təqdimatlarla çıxış ediblər.

İŞBİR şirkətinin İdarə Heyətinin sədri Haluk Çətinkaya bir il öncə keçirilmiş seminardan sonrakı dövrdə əldə olunan nailiyyətlərdən bəhs edib. Müəssisənin daxilində yeni bir zavodun qurulması istiqamətində qərar qəbul edildiyini deyən Çətinkaya Balıkəsir Orqanizə Sənaye Bölgəsində 36680 kvadratmetr ərazi satın alındığını, qurulacaq müəssisənin layihəsinin hazırlandığını qeyd edib. Onun sözlərinə görə, yeni zavodun 2019-cu ildə fəaliyyətə başlaması planlaşdırılır.

Çətinkaya qeyd edib ki, İŞBİR bu gün gündə bir ədəd alternator (dəyişən cərəyan) olmaqla, ildə ən çox 500 ədəd alternator istehsal edir. Yeni müəssisədə isə gündə 50 ədəd alternator istehsal olunacaq. Bununla da Türkiyənin Çin və İtaliyadan alternator idxalı minimuma endiriləcəkdir.

Əvvəlki seminarda küləkdən enerji istehsalı üçün alternator istehsalını qərara aldıqlarını xatırladan H.Çətinkaya artıq İŞBİR nəzdində Araşdırma və Tədqiqat Mərkəzinin qurulduğunu və gərəkli qurumlardan icazənin alındığını qeyd edib.

Seminarda verilən açıqlamalara görə,  İŞBİR-in Araşdırma və Tədqiqat Mərkəzində hazırda 7 layihə üzərində işlər aparılır. Bu layihələr arasında 5 KVA külək turbinləri üçün alternatorun yaradılması, 60 KVA kogenerasiya sisteminin yaradılması və 20 KVA səssiz dual generatorun yaradılması TÜBİTAK dəstəyi ilə həyata keçirilir. 5 KVA külək turbinləri üçün alternator hərbçilərin yerləşdiyi bazalarda çətin şərtlərdə enerji istehsalını hədəfləyir. 20 KVA səssiz dual generator da hərbi sahədə istifadə ediləcəkdir.

Seminara TUSAŞ, TSKGV, ROKETSAN və ASELSAN şirkətlərindən nümayəndələr qatılıb.

Mehmet Dəmirkol