23/11/2017 12:08

İsrail ABŞ-dan CH-53K helikopterləri alır

Noyabrın 21-də ABŞ-ın “Lockheed Martin” şirkəti İsrail Silahlı Qüvvələri üçün hazırlanan CH-53K tipli helikopterin ilk sınaq uçuşlarını keçirib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, CH-53K “King Stallion” helikopteri 1964-cü ildən etibarən istehsal edilən CH-53 layihəsinin davamıdır. Yeni modifikasiya “Stallions” ailəsindəki ən böyük quruluşlu helikopterdir.

Bildirilib ki, İsrail Hava Qüvvələri CH-53 helikopterinin yeni modelinə dəfələrlə maraq göstərib və bunun üçün “Boeing” şirkətinin V-22 “Osprey” təyyarələrinin alınmasından imtina edib. İsrail Müdafiə Ordusunun briqada generalı Nir Nin-Nun “Lockheed Martin” nümayəndələri ilə helikopterin 90 dəqiqəlik uçuşunu və manevr qabiliyyətini izləyiblər.

CH-53K “King Stallion”, 40 tondan artıq çəkisi olan ağır bir nəqliyyat helikopteridir. 12 tondan çox yük daşıya bilir və yük bölməsində 55 sərnişin yerləşdirilə bilər. Helikopterin ekipajı iki pilotdan ibarətdir.

CH-53K-nın maksimum uçuş məsafəsi 840 km, sürəti isə 315 km/saat təşkil edir. Helikopter aktiv və passiv qoruma sistemləri ilə təchiz olunub. Xüsusilə zirehli korpus sərnişinləri kiçik çaplı silahların atəşindən qoruyur.

Məlumatda o da qeyd olunub ki, ABŞ bu helikopterlərin 200 ədədini Hərbi Dəniz Qüvvələri üçün almağı planlaşdırır.