12/09/2017 11:07

İsrail şirkəti dəniz “Harop”unu təqdim edib – FOTO/VİDEO

İsrail Aviasiya və Kosmos Sənayesi (İsrael Aerospace Industries –  IAI) şirkəti “gəzən sursat”larına dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş “Harop”u (Maritime Harop) əlavə edib.

Bu barədə “AzeriDefence”yə IAI şirkətindən məlumat verilib.

“Harop”un yeni dəniz versiyası dənizdəki patrul gəmilər və freqatlardan buraxıla bilmə xüsusiyyətə və müxtəlif növ suüstü gəmilərə, habelə sahil hədəflərinə qarşı tətbiq edilə bilmə qabiliyyətinə malikdir.

IAI-nin icraçı vitse-prezidenti Boaz Levinin sözlərinə görə, dəniz “Harop”u dünya miqyasında müxtəlif müştərilərin marağını çəkir. Dəniz platformalarında istifadə edildikdə, “Harop” “səth-səth” raketlərinə ən yaxşı alternativ hesab oluna biləcək.

Qeyd edək ki, hazırda IAI şirkətinin “gəzən sursat” portfelinə SEAD/DEAD missiyaları üçün “Harpy” və “Harpy NG” antiradar, habelə müxtəlif obyekt və canlı qüvvələrə qarşı “Harop”, “Green Dragon” və multikopter tipli “Rotem-L” daxildir.