09/01/2018 14:43

İsrail şirkəti yeni “gəzən sursat”ını test etdi – FOTO/VİDEO

İsrailin “UVision Air” şirkəti strateji müştərilər üçün havada uzun müddət qala bilən “Hero-400EC” “gəzən sursat”ını nümayi etdirib.

“UVision” şirkətinin media mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, “gəzən sursat”ın müştərilər üçün sınağı 2017-ci ilin dekabr ayında İsrailin cənubunda keçirilib. Sınaqlar zamanı sursatın müxtəlif ssenarilərdə tətbiqinə baxılıb.

“UVision” şirkətinin sınaqlarda “Hero-400EC” sistemi özünün geniş imkanlarını sübut edib: “Bu sistem dəqqiq hücum və ISR (kəşfiyyat, müşahidə, nəzarət) imkanlarının yüksək səviyyəsini əhatə edir. Sistemin işləməsi sadədir və yaranan hər hansı təhlükəni dərhal aradan qaldırmağa imkan verir”.

“Hero-400EC” yüksək sürətə, zəif akustik və termal iz yaradan elektrik mühərrikinə malikdir. “Gəzən sursat” şəhər mühitində statik və hərəkətli hədəflərə qarşı yüksək dəqiqliklə tətbiq oluna bilir.

“Hero-400EC”nin fırlana bilən qanadları hədəfi istənilən bucaq altında, nöqtə atşı ilə vurmağa imkan yaradır. Sursat 10 kiloqram ağırlığında çox məqsədli döyüş başlığına sahibdir ki,  bu da tanklar və möhkəmlədirilmiş mövqelər daxil olmaqla geniş spektrdə hədəfləri vurmağa imkan yaradır.

“Hero-400 EC” “gəzən sursat”ın uzunluğu 2.1 metr, qanad açıqlığı 2.4 metr, maksimum çəkisi 40 kq, havada qalma müddəti 2 saat, uçuş məsafəsi 40-150 kilometr aralığındadır. Sursat döyüş başlığı ilə yanaşı stabilləşdirilmiş elektro-optik / infraqırmızı müşahidə kameralarına malikdir. əməliyyat hər hansı bir səbəbdən təxirə salındıqda “Hero-400EC” geri qaytarıla və paraşütlə təhlükəsiz şəkildə endirilə bilər.