09/04/2018 13:22

İsrailin F-15 döyüş təyyarələri Suriyanın aviabazasını bombaladı

İsrail Hərbi Hava Qüvvələrlərinə məxsus F-15 döyüş təyyarələri Suriyanın Homs vilayətindəki T-4 aviabazasına zərbələr endirib.

“AzeriDefence”nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53 radələrində İsrailin 2 ədəd F-15 döyüş təyyarəsi Suriyanın hava məkanına girmədən, Livan ərazisindən T-4 aerodromuna 8 ədəd idarəolunan raket atıb. İdarəolunan raketlərdən 5-i Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilib. Rusiyalı hərbi müşavirlər arasında xəsarət alan olmayıb.

SANA agentliyinin yaydığı məlumata görə, hadisədən əvvəl İsrail Hərbi Hava Qüvvələrləri Suriya və Livan arasındakı sərhəd ərazisində kəşfiyyat uçuşları edib. Hadisə nəticəsində azı 14 hərbçinin öldüyü bildirilir. Ölənlər arasında iranlı hərbi müşavirlər də var.