30/06/2012 01:22

İstanbulda “Qafqaz təhlükəsizlik institutları üçün islahat təşəbbüsləri” mövzusunda seminar keçirilib

Türkiyənin İstanbul şəhərində “Qafqaz Təhlükəsizlik institutları üçün islahat təşəbbüsləri” mövzusunda seminar keçirilib. “AzeriDefence”nin məlumatına görə, iyunun 25 və 26-da – iki gün davam etmiş seminarın təşkilatçısı qismində Azərbaycanın Sülh və Konfliktlərin Həlli Mərkəzi çıxış edib. Seminar Alman Marşall Fondunun layihəsi olan Qara Dəniz Regional Əməkdaşlıq Fondu və Norveç Atlantik Komitəsi tərəfindən dəstəklənib.

Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rumıniya və Rusiyadan nümayəndə heyətlərinin qatıldığı seminarda NATO-nun Cənubi Qafqaz Regionu üzrə Əlaqələndiricisi Villiam Lahue, Duke Universitetinin Təhlükəsizlik Araşdırmaları üzrə Üçbucaq İnstitutunun (Triangle Institute for Security Studies) professoru Peter Feaver, Rusiya Hərbi Analiz Mərkəzinin nümayəndəsi Anatoli Çıqanok, Türkiyədən istefada olan polkovnik Mustafa Ulucakar, general Oktay Bingöl, Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Todor Taqarev məruzələrlə çıxış ediblər.

Tədbirdə çıxış edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev Qafqaz ölkələrinin müdafiə sektorunda islahatların son illərdə yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Bu baxımdan da seminarın bölgə ölkələrini təmsil edən vətəndaş cəmiyyəti təşkilatları və ekspertlər üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Seminarın açılış mərasimində çıxış edən NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Villiam Lahue təmsil etdiyi təşkilatın region ölkələrinin müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara dəstək verdiyini bildirib. O, bu sahədə Alyansın QHT-lərlə birgə bir sıra layihələr reallaşdırdığını diqqətə çatdırıb.

Seminarda daha sonra Azərbaycan, Gürcüstan və Ermənistan heyətləri təqdimatlarla çıxış ediblər. Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda mövcud vəziyyət barədə “SeDEP” QHT-lər Koalisiyasının prezidenti Yaşar Cəfərli, Ermənistan tərəfdən Gevorq Məlikyan və ekspert Gurgen Poqosyan,
Gürcüstan tərəfdən isə Beynəlxalq Qara Dəniz Universitetinin təmsilçisi Nika Çitadze təqdimatlarla çıxış ediblər.

Ümumilikdə, təqdimatllardan belə məlum olub ki, Cənubi Qafqaz ölkələrindən Gürcüstan təhlükəsizlik sektorunda islahatları başa çatdırıb. Azərbaycan və Ermənistan isə bu prosesi davam etdirir. Hər iki ölkədə bu, müəyyən problemlərlə müşahidə olunur.

Rusiyanın Hərbi Analiz Mərkəzinin direktoru, ekspert Anatoli Çıqanok isə rus ordusunda aparılan islahatlardan danışıb. “Rusiya Ordusu sovet ordusunun ən pis materialından hazırlandı”, – deyən ekspert islahatlar prosesinin çox qarışıq və anlaşılmaz istiqamətdə getdiyini və ləngidiyini vurğulayıb.

Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Todor Taqarev isə silahlı qüvvələrdə korrupsiyanıın azaldılmasına vətəndaş cəmiyyətlərinin təsirindən danışıb.

Türkiyənin Əfqanıstandakı hərbi kontingentinin sabiq komandiri, istefada olan general-mayor Oqtay Bingöl isə Əfqanıstanda təhlükəsizlik tədbirlərindən, bu ölkədə təhlükəsizlik islahatlarından bəhs edib.

Ümumilikdə seminar aktiv diskusiyalar şəraitində keçib. Xüsusilə Ermənistanın nümayəndələrinin təqdimatından sonra onllara verilən sualları qarşı tərəfin “başdan sovdu” cavablandırması diskusiyaları kəskinləşdirib. Azərbaycan heyətində təmsil olunan hərbi ekspert Üzeyir Cəfərov Ermənistan heyətinə replika ataraq Ermənistan Ordusunun əslində ruslar tərəfindən idarə olunduğun deyib. Ermənilər isə bu fikrə qarşı çıxıblar. Ü. Cəfərov bu dəfə 1994-cü ildə Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah bağışladığın bildirib. Erməni nümayəndə heyəti bunun doğru olmadğını söylədikdə, Ü. Cəfərov tədbirdə iştirak edən rusiyalı ekspert Anatoli Çıqanokdan bu məsələ barədə şərh istəyib. Faktı təsdiqləyən Çıqanok bununla bağlı hətta Rusiya tərəfindən komissiyanın yaradıldığın diqqətə çatdırıb. Çıqanokun cavabına etiraz edən Ermənistan tərəfdən seminara qatılmış “Aravot” və “Haykakan Jamanak” qəzetlərinin qadın müxbirləri açıq şəkildə onun üzərinə gələrək eksperti “Rusiyanın Ermənistanla müttəfiqlik siyasətinə qarşı çıxmaqda” və “Azərbaycan meyillilikdə” ittiham etməyə başlayıblar.