10/11/2017 09:22

İsveç “Patriot” zenit-raket kompleksləri alacaq

İsveç Müdafiə Nazirliyi ABŞ-dan “Patriot” zenit-raket kompleksləri almaq istəyir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, müqavilənin dəyəri 10 milyard İsveç kronasından (təxminən 1,3 milyard ABŞ dolları) çox qiymətləndirilir.

“Patriot” zenit-raket komplekslərinin 2020-dən 2025-ci ilə qədər İsveç Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub.

Bundan əvvəl İsveç 2015-ci ildə Hava Hücumundan Müdafiə Qoşunlarının ehtiyaclarını qarşılamaq üçün tender elan edib.

Tenderdə “Raytheon” şirkətinin “Patriot” zenit-raket kompleksi ABŞ-ın “Lockheed Martin” şirkətinin MEADS və “Eurosam” İtaliya-Fransa birgə müəssisəsinin SAMP-T sistemləri ilə mübarizə apararaq qalib olub.

“Patriot”un hazırda İsveç Silahlı Qüvvələrinin invertarında yer alan ABŞ-ın köhnə “HAWK Phase III” zenit-raket komplekslərini əvəz edəcəyi planlaşdırılır.