06/02/2018 13:40

JF-17 döyüş təyyarəsi “hava-hava” raketlərdən atışlar həyata keçirib

Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsindən BVR (Beyond Visual Range) və IR (Infrared) “hava-hava” tipli raketlərinin sınaq atışları keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu haqda Pakistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın iştirak etdiyi sınaq atışları Sonmiani poliqonunda həyata keçirilib. BVR və IR raketləri ilə silahlandırılan JF-17 döyüş təyyarələri əvvəlcədən müəyyən edilən, sürətli və yavaş hərəkətdə olan hədəfləri dəqiqliklə məhv edib.

Mərasimdə çıxış edən marşal S.Aman bildirib ki, bu mürəkkəb sınaqların müvəffəqiyyətlə həyata keçirilməsi JF-17 döyüşə təyyarəsinin yüksək qabiliyyətinin göstəricisidir. O qeyd edib ki, artıq Hərbi Hava Qüvvələrində JF-17 təyyarələrindən ibarət 6 alay yaradılıb.

JF-17 təyyarələri 2007-ci ildən Pakistan Hərbi Hava Qüvvələrinin xidmətindədir. Təyyarələr yeni nəsil ASELPOD müşahidə və elektron sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan və Pakistan arasında JF-17 “Thunder” döyüş təyyarələrinin alğı-satqısına dair müzakirələr aparılır. Azərbaycanın yaxın perspektivdə bu təyyarələri silahlanmaya qəbul edəcəyi gözlənilir.