13/03/2019 20:35

JF-17 “Təkbir”lə vurdu

Mart ayının 12-də keçirilən sınaqlarda JF-17 “Thunder” döyüş təyyarəsi yerli GİDS şirkəti tərəfindən yaradılmış “Təkbir” qanadlı yönləndirmə dəsti ilə inteqrasiya edilmiş aviasiya bombası ilə atış həyata keçirib.

Bu barədə “AzeriDefence” Pakistan mediasına istinadən məlumat verib.

Məlumatı “AzeriDefence”yə Pakistan hərbi sənaye kompleksindəki mənbələr də təsdiqləyiblər. Bildirilib ki, martın 12-də keçirilən növbəti sınaqlarda GİDS şirkətinin istehsalı olan “Təkbir” dəsti ilə təchiz edilmiş aviasiya bombası ilə təyyarə hədəfi yüksək dəqiqliklə vurmağı bacarıb.

“Təkbir”in bundan əvvəl də sınaqları keçirilib. Sınaqların nəticələri əsasında sistem təkmilləşdirilib.

“Təkbir” dəsti 250 kiloqramlıq bombalara taxılır. Yönləndirmə dəsti atıldığı hündürlükdən asılı olaraq bombanı 100 kilometrədək apara bilir. Bir neçə sərgidə maket halında nümayiş etdirilməyinə baxmayaraq, yönləndirmə dəstinin texniki-taktiki xüsusiyyətləri mediaya açıqlanmır.

Qeyd edək ki, Pakistanın GİDS şirkəti “Təkbir”in Azərbaycan HHQ üçün də təqdimatını keçirib. Şirkət rəsmiləri Azərbaycanın bu bomba ilə yaxından maraqlandığını qeyd ediblər.