23/08/2017 22:18

“KA-27M” çoxməqsədli helikopter seriyalı istehsala hazırdı

“Rusiya Vertolyotları” şirkətinin istehsalı olan “KA-27M” çoxməqsədli helikopter zavod sınaqlarını tamamlayıb və seriyalı istehsala hazır vəziyyətdədir.

Bu barədə “AzeriDefence”yə “Rusiya Vertolyotları” şirkətindən məlumat verilib.

Yeni modernizə edilən “KA-27M” çoxməqsədli helikopter yenilənmiş akustika və maqnitometr sistemlərlə, həmçinin radiolokasiya sistemi və digər yeni sistemlərlə təchiz edilib.

Məlumatda qeyd olunub ki, yeni avadanlıqların yerləşdirilməsi platformanı daha da zənginləşdirib. Belə ki, modernizə edildikdən sonra helikopter 360 dərəcə bucaq altında hər tipli su üstü gəmiləri və sualtı gəmiləri aşkar etmə qabiliyyəti qazanıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin (CHD) 2017-ci ildə təchiz olunacağı 1,8 min ədəd yeni atıcı silah və hərbi texnikalar arasında “KA-27M” çoxməqsədli helikopterlərin də olacağı nəzərdə tutulub.