10/04/2012 05:38

KADEX-2012 sərgisində 230-dan çox şirkət təmsil olunacaq

Qazaxıstan Müdafiə Nazirliyində KADEX-2012 beynəlxalq müdafiə sərgisinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyin saytına istinadən məlumat verib.

Müdafiə nazirinin müavini, general-mayor Talqat Cancümənov rəhbərlik etdiyi toplantıda mayın 3-dən 6-dək Astanada keçiriləcək sərgiyə hazırlıq məsələləri müzakirə edilib.

Müşavirədə qeyd olunub ki, sərginin keçiriləcəyi əraziyə eksponatların göndərilməsinə aprelin ortalarından başlanacaq. Artıq KADEX-2012 sərgisində iştirak üçün 230-dan çox yerli və xarici şirkətdən müraciət daxil olub.

2010-cu ildə keçirilmiş ilk sərgi ilə müqayisədə bu il iştirakçıların sayı 30%-dən çox artıb. Sərgidə Almaniya, Polşa, Rusiya, ABŞ, Ukrayna, Belarus, İtaliya, İspaniya, Fransa, Slovakiya, Türkiyə və digər ölkələrdən şirkətlər qatılacaq.

Sərgi çərçivəsində beynəlxalq hərbi elmi-texniki konfrans təşkil olunacaq. Konfrans iştirakçıları müasir hərbi-texniki siyasətin inkişafının perspektivlərini müzakirə edəcəklər. Konfransın gedişatında silahlanmanın və hərbi texnikanın alınması, istehsalı, modernləşdirilməsi layihələrinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır.

Sərgidə Qazaxıstan Ordusunun arsenalındakı silah və hərbi texnikanın nümayişi, Quru Qoşunların taktik nümayişləri, həmçinin avia-şou nəzərdə tutulur. Sərgi günlərində hərbi orkestrlərin konsert proqramları olacaq.