22/05/2014 12:48

KADEX-2014 sərgisi başlayır

Qazaxıstanın paytaxtı Astanada KADEX-2104 III hərbi-texnoloji sərginin başlanması ilə bağlı mətbuat konfransı keçirilib. “AzeriDefence”nin məlumatına görə, Qazaxıstan müdafiə nazirinin müavini, general-leytenant Okas Saparov bildirib ki, KADEX-2014 Qazaxıstan və Mərkəzi Asiya regionunda hərbi sənaye sahəsində son yeniliklərin göstərilməsi üçün meydandır.

Bundan əvvəlki – KADEX-2012 ilə indiki sərgini müqayisə edən müdafiə nazirinin müavini deyib ki, tədbirdə iştirakçıların sayı ilə yanaşı, beynəlxalq diqqət də artıb.

Onun sözlərinə görə, sərginin işində 27 ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 300-dən artıq şirkət, ziyarətçi qismində isə 54 rəsmi nümayəndə heyəti iştirak edir: “Sərginin 33 min kv.m-i açıq, 11 min kv.m-i isə qapalı ərazidə təşkil olunub”.

O. Saparov bildirib ki, ilk dəfə olaraq, bu sərgidə kosmik texnologiyalar, həmçinin, aviasiya, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və vasitələri, informasiya texnologiyaları, rabitə qurğuları, qoşunların təminat üzrə avadanlıqları, quru qoşunlar üçün nəzərdə tutulan silah və texnikalar, hərbi-dəniz və digər texnoloji sistemlərin nümayiş olunmasına şərait yaradılıb.

Nazir müavini vurğulayıb ki, sərgidə 27 ölkədə 300 müdafiə təyinatlı məmulatların təqdimatı keçiriləcək. Qazaxıstanı isə bu sərgidə 80 müəssisə təmsil edir.

Jurnalistlərin suallarını cavablandıran “Kazakhstan Engineering” Milli Şirkətinin baş direktoru Bolat Smaqulov qeyd edib ki, Qazaxıstan ötən sərgidən keçən dövr ərzində müdafiə sferasında 14 layihə həyata keçirib ki, bunun üçün də 22 milyard tenge maliyyə vəsaiti ayrılıb.

Onun sözlərinə görə, bu layihələr tankların modernləşdirilməsini, gecə görmə cihazlarını, helekopter və digər texnikaların istehsalını özündə əhatə edib. Son iki il ərzində şirkət xarici ixracaatını 2,5 dəfə artırıb.

Smaqulov deyib ki, xarici əməkdaşlıq çərçivəsində Kanadanın “Bombardier” və Braziliyanın “Embraer” şirkətləri ilə danışıqlara da başlanılıb.

Ukrayna ilə hərbi əməkdaşlığa toxunan B. Smaqulov “Ukroboronprom” Dövlət Konserni ilə BTR-4 zirehli transportyorlarının Qazaxıstanda istehsalı ilə bağlı testlərin davam etdirildiyini söyləyib.

Qeyd edək ki, sərgi çərçivəsində quru qoşunların, aviasiya və xüsusi təyinatlı qüvvələrin nümunəvi çıxışları da keçiriləcək. Eyni zamanda bir sıra şirkətlər tərəfindən təqdimatlar keçiriləcək.