07/06/2016 14:46

KADEX-2016: NORİNCO şirkəti SVD snayper tüfənginin modernləşdirilmiş versiyasını təqdim edib

Çinin NORİNCO korporasiyası keçmiş Sovet SVD snayper tüfənginin bazasında hazırladığı NSG-85 adlı snayper tüfəngini beynəlxalq bazara təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, 2-5 iyun tarixlərində Astanada keçirilmiş KADEX-2016 sərgisində NSG-85 snayper tüfəngi NORİNCO-nun stendində, adı çəkilən şirkətin istehsalı olan optik nişangahlarla komplektləşdirilmiş şəkildə nümayiş etdirilib.

Xarici dizayn baxımından SVD-yə bənzəyən NSG-85 snayper tüfənginə ön hissədə ayaq, lülə qutusunun üst hissəsinə isə pikkatini relsi əlavə olunub. Silah hündürlüyü tənzimlənən qundaq alıb.

7.62×54 mm çaplı snayper tüfənginin çəkisi 6 kq-dan çox, effektiv atış məsafəsi 1000 metrdir. Şirkət rəsmilərinin sözlərinə görə, NSG-85 snayper tüfəngi iki il əvvəl yaradılıb. Region ölkələrinin biri ilə silahın ixracına dair müqavilə imzalanıb.

Silah istifadəçilərə NORİNCO-nun “FireEye-1000” snayper atış müşahidə və hesablama sistemi ilə birgə təklif olunur.