25/05/2018 17:53

KADEX-2018: KAE D-30 topları üçün atəş idarəetmə kompleksini təqdim edib – FOTOLAR

Qazaxıstanın “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti D-30 top batareyaları üçün hazırladığı atəş idarəetmə kompleksini Astana şəhərində keçirilən KADEX-2018 sərgisində ilk dəfə nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, KAE-nin öz imkanları hesabına hazırlanmış kompleks batareya atəşinin idarə olunması və atışların dəiqliklə həyata keçirilməsi üçündür. “Nayzağay” adı verilmiş kompleks topçulara ilk atəşdə hədəfi vurmaq imkanı təmin edir.

“Nayzağay” kompleksinə aşağıdakılar daxildir:

Komanda-müşahidə məntəqəsi – “SharpEye” əldə daşınan müşahidə cihazı (özündə gündüz və gecəgörmə kamerası və lazer məsafəölçəni birləşdirir), portativ hərbi kompüter və rəqəmsal radiostansiya;

Komandir məntəqəsi – naviqasiya və topogeodeziya, çoxkanallı Ethernet radio, balistik hesablayıcı, meteostansiya və portative hərbi kompüter;

Silah bölməsi – top, dopler radar, rəqəmsal radiostansiya, top komandirinin portative əl kompüteri və güc mənbəyi.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Nayzağay” öz imkanlarına və dəqiqliyinə görə region ölkələrinin ordularında istifadə edilən sistemlərdən önə çıxır.

KAE nümayəndələrinin sözlərinə görə, sərgidən bir neçə gün əvvəl “Nayzağay” Özbəkistanda atış sınaqlarından keçirilib.