25/05/2018 17:15

KADEX-2018: “Otokar” və “Kazakhstan Engineering” birgə hərbi müəssisə yaradacaq

Astanada keçirilən KADEX-2018 beynəlxalq müdafiə sərgisinin ikinci günü (24 may) Türkiyənin “Otokar” şirkəti ilə Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti arasında memorandum imzalanıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, zirehli maşınlar daxil olmaqla, nəqliyyat vasitələrinin istehsalı sahəsində əməkdaşlığın inkişaf etdiriməsi ilə bağlı memorandumu hər iki şirkət rəhbərləri Sərdar Görgüç və Aset Kurmanqaliyev imzalayıblar.

Bildirilib ki, “Otokar” şirkəti Qazaxıstanda zirehli texnika daxil olmaqla nəqliyyat vasitələrinin birgə istehsalının təşkilində maraqlıdır. Bununla əlaqədar olaraq, “Kazakhstan Engineering” şirkət tərkibinə daxil olan zavodlardan birinin texnologiya sahəsinə baxılır. Yaradılacaq birgə müəssisədə avtotexniki avadanlıqların dizayn və hazırlanması planlaşdırılır.

Bununla yanaşı, Qazaxıstanda hazırda istifadə olunan Türkiyənin zirehli maşınlarının təmiri və modernizə edilməsi də planlaşdırılır. İmzalama mərasimindən sonra “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüç qeyd edib ki, bu memorandum Türkiyə tərəfinin Qazaxıstanda işləmək niyyətini təsdiq edir. Onun sözlərinə görə, bu sənəd birgə istehsalın təşkili və mühəndis mərkəzinin yaradılmasında “ilk addım” oldu.

Qarşılıqlı anlaşmanın birinci mərhələsində texniki-iqtisadi əsaslandırılma hazırlanacaq, birgə layihənin biznes-planı təşkil ediləcək, həmçinin texnologiya köçürməsi və intellektual mülkiyyət məsələlərini həll edilməsi üçün işçi qrupu formalaşdırılacaq.