28/05/2018 14:46

KADEX-2018: Qazaxıstan Rusiya ilə birgə döyüş modulları istehsal edəcək

Qazaxıstan Rusiya ilə piyada döyüş maşınları üçün döyüş modulları istehsal etməyi planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, KADEX-2018 sərgisi çərçivəsində bununla bağlı Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE), ZKMK şirkətləri ilə Rusiyanın “Burevestnik” Mərkəzi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşılığa dair üçtərəfli memorandum imzalanıb.

Memorandumda tərəflər 30 mm-lik distans idarə olunan döyüç modulunun birgə hazırlanması və istehsalını razılaşdırıblar. Bu modullar KPE-nin istehsalı olan təkərli zirehli maşınlarda qurulacaq.

Qeyd edək ki, KADEX sərgisində KPE-nin istehsal etdiyi 6×6 təkər formullu “Barıs” piyada döyüş maşını BTR-82A zirehli transportyorlarının təchiz edildiyi 30 mm-lik döyüş modulu ilə silahlandırılmış halda nümayiş etdirilib.

2016-cı ildə keçirilmiş KADEX sərgisində 8×8 təkər formullu “Barıs” piyada döyüş maşını “Burevestnik” şirkətinin istehsalı olan 57 mm-lik AU-220M döyüş modulu ilə nümayiş olunub.

Qazaxıstanın ZKMK şirkəti “Arlan” zirehli avtomobilləri üçün 2 ədəd 12.7 mm-lik pulemyotla silahlandırılmış döyüş modulu istehsal edib.