25/05/2018 12:10

KADEX-2018: Qazaxıstan Rusiyadan daha 8 ədəd Su-30SM döyüş təyyarəsi alır

Astanada keçirilən KADEX-2018 beynəlxalq müdafiə sərgisinin ikinci günü (24 may) Qazaxıstan və Rusiya arasında Su-30SM döyüş təyyarəsinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, müqaviləyə əsasən Rusiya Qazaxıstan Hərbi Hava Qüvvələrini daha 8 ədəd Su-30SM döyüş təyyarəsi ilə təmin edəcək.

Qazaxıstan və Rusiya arasında “İrkut” korporasiyasının istehsalı olan Su-30SM çoxməqsədli döyüş təyyarələrinin alğı-satqısına dair ilk müqavilə 2014-cü ildə imzalanıb. Sifariş üzrə ilk 4 təyyarənin Qazaxıstana çatdırılması 2015-ci il aprelin 17-də həyata keçirilib. 2015-ci ilin dekabrında əlavə 7 ədəd Su-30SM qırıcının satınalınmasına dair iki ölkə arasında növbəti müqavilə imzalanıb. Sazişə əsasən 2016-cı ilin dekabrında 2 ədəd təyyarə Qazaxıstana təhvil verilib.

Müqavilə çərçivəsində 2017-ci il dekabrın 27-də 2 ədəd Su-30SM döyüş təyyarələri Qazaxıstan Hərbi Hava Qüvvələrinin Taldı-Kurqan vilayətindəki 604-cü aviasiya bazasına dislokasiya edilib. Bununla, Qazaxıstan Hərbi Hava Qüvvələrinin avasiya parkında yer alan Su-30SM qırıcılarının ümumi sayı 8 ədəd təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin avqustunda Rusiya və Qazaxıstan daha 12 ədəd Su-30SM təyyarəsinin alğı-satqısına dair müqavilə imzalayıb. Bu razılaşma çərçivəsində hər il 4 təyyarənin Qazaxıstan Silahlı Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulub. Daha əvvəl Qazaxıstan Müdafiə Nazirliyinin 2020-ci ilə qədər 36 ədəd Su-30SM çoxməqsədli döyüş təyyarəsi alacağı bildirilirdi.