27/05/2018 12:58

KADEX-2018: Qazaxıstan Serbiya ilə birlikdə ALAS raketlərini istehsal edəcək

Qazaxıstan Serbiya ilə müdafiə sənayesi sahəsində bir neçə layihə həyata keçirəcək.

“AzeriDefence”nin KADEX-2018 sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgi çərçivəsində Qazaxıstanın Petropavlovsk Ağır Maşınqayırma Zavodu (PZTM) ilə Serbiyanın “Yugoimport SDPR” şirkəti arasında Qazaxıstana hərbi texnika və avadanlığın çatdırılması, hərbi texnikanın modernləşdirilməsi və birgə istehsalına dair əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər birlikdə Qazaxıstan Ordusunun silahlanmasındakı D-20 və D-30 haubitsalarının müasirləşdirilməsində iştirak edəcəklər.

Bundan başqa, Qazaxıstanda Serbiyanın lisenziyası əsasında ALAS tank əleyhinə idarə olunan raketlərin istehsalı planlaşdırılır.

ALAS tank əleyhinə idarə olunan raketin çəkisi 55 kq, uzunluğu 2300 mm, sürəti 180 m/saniyə, atış mənzili 5 km-dən 25 km-dəkdir. Raket “EdePro TMM-404” birpilləli turboreaktiv mühərriklə təchiz edilib və 800 mm qalınlığında zirehi dəlməyi bacarır.