25/05/2018 19:11

KADEX-2018: Qazaxıstan və Rusiya şirkətləri birgə döyüş modulu hazırlayacaq

Astanada keçirilən KADEX-2018 beynəlxalq müdafiə sərgisinin üçüncü günü (25 may) Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE), Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti (ZKMK) və Rusiyanın “Burevestnik” Səhmdar Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında üçtərəfli memorandum imzalanıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, tərəflər birgə 30 mm-lik uzaqdan idarə olunan döyüş modulu hazırlamaq və istehsal etmək barədə razılığa gəliblər. Bu döyüş modulları “Kazakhstan Paramount Engineering” tərəfindən istehsal edilən zirehli nəqliyyat vasitələri üzərinə inteqrasiya olunacaq. Döyüş modulunun yaradılması üzrə hazırlıqlar bu il başlayacaq.

Xatırladaq ki, KADEX-2016 sərgisində “Kazakhstan Paramount Engineering” şirkəti ilk dəfə 8×8 təkər formuluna malik “Barıs” piyada döyüş maşının (“Mbombe”) UVZ müəssisəsi tərəfindən hazırlanmış 57 mm çaplı AU-220M avtomat topuyla silahlandırılmış formada nümayiş etdiribdir.

Bundan başqa, ZKMK şirkəti iki ildən artıq müddətdir ki, “Kazakhstan Paramount Engineering”in istehsalı olan “Arlan” (“Marauder”) zirehli maşınları üçün 12.7 mm-lik NSV pulemyotu istehsal edir.