23/05/2018 23:16

KADEX-2018: Qazaxıstanın ZKMK şirkəti yeni döyüş modulunu təqdim edib

Qazaxıstanın Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti (ZKMK) Italiyanin “Elsel” şirkəti ilə birlikdə hazırladığı döyüş modulunu Astana şəhərində keçirilən KADEX-2018 sərgisində ilk dəfə nümayiş etdirir.

“AzeriDefence”nin məlumatına görə, şirkətin stendində nümayiş olunan döyüş modulu üzərində ZKMK tərəfindən istehsal edilmiş iki ədəd 12.7 mm NSV “Utyos” pulemyotu yer alır.

Şirkət rəsmilərinin sözlərinə görə, sınaqları başa çatmış yeni döyüş modulu yerüstü nəqliyyat vasitələri və gəmilərdə tətbiq üçün nəzərdə tutulur. Bir nəqarət kompüteri üzərindən idarə olunan 2 pulemyotun hər birinin döyüş ehtiyatı 100 patrondur. Bu həcmi qutudan asılı olaraq artırmaq mümkündür.

Pulemyotun atış uzaqlığı 2000 metr təşkil edir.

Döyüş modulu bir ədəd elektro-optik komplekslə təchiz edilib. Kompleksə bir ədəd gündüz kamerası, 2 ədəd termal kamera və lazer məsafə ölçən (2000 metr məsafə ölçə bilir) daxildir.

Pulemyotun şaquli qalxma bucağı -20 dərəcə, +70 dərəcə təşkil edir. Silahlar həm birgə, eyni hədəfə, həm də şaquli bucaq altında ayrı-ayrı hədəflərə yönləndirilə bilir. Hazırda döyüş modulunun Qazaxıstan Ordusuna satışı istiqamətində işlər aparılır.