26/04/2018 12:41

KADEX-2018 sərgisinə hazırlıqlar başa çatmaq üzərədir

23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisində iştirak edəcək ölkələrin müdafiə nazirləri və şirkət rəhbərlərinin siyahısı açıqlanıb.

Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə Rusiya, Belarus, Qırğızıstan, Ermənistan, İran, BƏƏ, Türkiyə, İordaniya və digər ölkələrin müdafiə nazirlərinin başçılığı ilə 21 rəsmi nümayəndə heyətinin iştirak edəcəyi təsdiq edilib.

Bundan başqa, sərgidə Azərbaycan, Misir, İsrail, İtaliya və Monqolustanın Müdafiə nazirliklərinin nümayəndələri iştirak edəcək. Həmçinin, 98 xarici şirkət rəhbərlərinin KADEX-2018 sərgisini ziyarət etmək istədiyi qeyd olunub.

KADEX-2018 sərgisində Belarus, Belçika, Bolqarıstan, Braziliya, Almaniya, İsrail, Hindistan, İspaniya, İtaliya, Koreya Xalq Respublikası, Niderland, Rusiya, ABŞ, Serbiya daxil olmaqla dünyanın 26 ölkəsindən 294 şirkət eksponent qismində öz məhsullarını nümayiş etdirəcəklər.

Məlumatda o da qeyd olunub ki, sərgidə dünyanın aparıcı istehsalçılarının silah və hərbi texnika, hərbi və ikili təyinatlı məhsulları təqdim olunacaq.

Bundan əvvəl qeyd edildiyi kimi, KADEX sərgisi ilk dəfə olaraq Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin himayəsi altında keçiriləcək. Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyi müdafiə sənayesininin inkişafının əsas təməli olan elmi araşdırımalara, ixtira və kəşflərə xüsusi diqqət edir.

Qeyd edək ki, KADEX-2018 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edəcək. “AzeriDefence” jurnalı artıq bununla 3-cü dəfədir ki, Qazaxıstanda keçirilən KADEX sərgisinin media tərəfdaşıdır.