16/05/2018 19:08

KADEX-2018 sərgisinə sayılı günlər qaldı

23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 V Beynəlxalq hərbi-əmlak sərgisinə hazırlıqlar başa çatmaq üzərədir.

Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə və Aerokosmik Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərgi çərçivəsində 23-24 may tarixlərində Astana Biznes Mərkəzində hərbi-texniki əməkdaşlıq sahəsində “Advanced Def Tech” beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda Qazaxıstan, Rusiya, Çin, Türkiyə, Belarus və başqa ölkələrdən rəsmi dövlət nümayəndələr, habelə Qazaxıstandan müdafiə-sənaye kompleksinin nümayəndələri, elmi tədqiqat institutları və konstruktor təşkilatları iştirak edəcəklər. Sərgi çərçivəsində keçiriləcək konfranslarda müdafiə-sənaye sektorunun müasirləşdirməsi mexanizmləri, effektiv inkişafı, aktual məsələləri, ən yeni texnologiyaların tətbiqləri müzakirə ediləcək.

Konfransın ilk günündə 4 paralel panel sessiyası keçiriləcək – “Sovet zirehli texnikasının müasirləşdirməsi. Yeni texnologiya həlləri”, “Zirehli təkərli maşınların inkişafının müasir tendensiyaları”, “Pilotsuz uçucu aparatlar. Yeni nəsilin silahlandırılması”, “Yaylım atəşli reaktiv sistemlərin müasirləşdirməsi, təkmilləşdirilməsi”. Konfransın ikinci günündə Qazaxıstanın müdafiə və aerokosmik sənayesinin naziri Beybut Atamkulovun iştirakı ilə “Müdafiə sənayesi kompleksinin inkişafının aktual məsələləri” mövzusunda plenar iclas keçiriləcək.

“Advanced Def Tech” elmi-praktik konfransının nəticələrinə əsasən, hərbi-texniki sahədə region ölkələri arasında əməkdaşlığın əsas istiqamətləri haqqında yekun Qətnamənin imzalanması planlaşdırılır.

Qeyd edək ki, KADEX-2018 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edəcək. “AzeriDefence” jurnalı artıq bununla 3-cü dəfədir ki, Qazaxıstanda keçirilən KADEX sərgisinin media tərəfdaşıdır.