03/01/2019 15:12

KAE Qazaxıstanın T-72 tankını müasirləşdirib

Türkiyənin ASELSAN və Qazaxıstanın “Kazakhstan Engineering” firmalarının birgə şirkəti olan “Kazakistan ASELSAN Engineering” zavodunda T-72 tankının modernizasiyası həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın rəsmi informasiya bülletenində bildirilib. Bülletendə qeyd olunub ki, KAE ilə birlikdə aparılan T-72A tank modernizasiyası layihəsi uğurla başa çatdırılıb.

Modernizasiya nəticəsində T-72 tankı ASELSAN istehsalı olan yeni atış kontrol sistemi ilə təchiz olunub. Bununla T-72 tanklarının gecə-gündüz hərəkətli atış imkanı, məsafədən idarəolunan hava hücumundan müdafiə qabiliyyəti, o cümlədən atışa nəzarət və rabitə sistemləri ilə gecə/gündüz hərəkət imkanları artırılıb.

Modernizasiyadan sonra, T-72 tankının Qazaxıstan Müdafiə Nazirliyin rəhbərliyinin iştirakı ilə çətin qış şəraitində sınaqları keçirilib. Sınaqlar zamanı yüksən performans nümayiş etdirən müasirləşdirilən T-72 tankının hədəfləri dəqiqliklə vurması yüksək qiymətləndirilib.

Qazaxıstan Baş Qərargahının heyəti tərəfindən sınaqları keçirilən T-72 tankına baxış keçirilib və müasirləşdirmənin olduqca geniş və müvəffəqiyyətli olduğu ifadə edilib. Bildirilib ki, ASELSAN modernizasiyası bundan əvvəl fərqli ölkələr tərəfindən təklif olunanlardan daha üstündür.

Müasirləşdirilən T-72 tankının sınaqları başa çatdıqdan və silahlanmaya qəbul edildikdən sonra, Qazaxıstan Ordusunun invertarında yer alan digər T-72A və T-72B tanklarının da modernizasiya ediləcəyi planlaşdırılır.