27/09/2017 14:02

“Kalaşnikov” Konserni gələn il radioelektron tüfəngin sınaqlarına başlayacaq

“Kalaşnikov” Konserni 2018-ci ildə “Rex-1” radioelektron tüfəngin dövlət sınaqlarını keçirməyi planlaşdırır.

Konsernin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, pilotsuz aparatlarla mübarizə üçün nəzərdə tutulmuş “Rex-1” radioelektron tüfəng konsernə daxil olan “Zala Aero Group” şirkətində hazırlanıb.

Xarici görünüşcə avtomata bənzəyən “Rex-1” tüfəngi GPS, QLONASS, “BeiDou” və “Galileo” peyk naviqasiya sistemlərini 5 km radiusda batırmağa, kilometrlərlə məsafədə GSM, 3G, LTE və 900 MHs, 2,4, 5,2 – 5,8 GHs tezliklərdə mobil rabitəyə maneə yaratmağı bacarır. Cihazın yaratdığı maneə nəticəsində PUA-nın idarəetmə mərkəzi ilə əlaqəsi itir və yerə endirilməsi təmin olunur.

Silah kollimator nişangah, stroboskop, görüntünü qeydə alma vasitələri ilə təchiz olunub.

Radioelektron tüfəngin çəkisi enerji bloku ilə birlikdə 4,2 kiloqramdır və enerji bloku cihazın 3 saat işləməsini təmin edir.

“Rex-1” strateji obyektlərin mühafizəsi və antiterror əməliyyatları vaxtı təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub. Silah həmçinin istehkamçılar tərəfindən mobil telefon siqnalı ilə aktivləşdirilən əldəqayırma partlayıcı qurğularla mübarizə üçün də istifadə oluna bilər.