28/09/2018 15:51

Kanada şirkəti yeni zirehli maşının təqdim edib

Kanadanın “Roshel Defence Solutions” şirkəti yeni hazırladığı “Senator” adlı zirehli nəqliyyat vasitəsini təqdim edib.

Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, əsasən təhlükəli ərazilərə heyətin daşınması və xilasetmə əməliyyatlarında, o cümlədən təbii fəlakətlər zamanı vətəndaşların xilas edilməsində istifadə olunması nəzərdə tutulub. Bundan başqa zirehli maşın xüsusi təyinatlıların terrorist təhdidlərinə qarşı və digər fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. 4×4 təkər formuluna sahib olan yeni maşın partlayışa davamlı polad zirehli döşəmə ilə təchiz olunub. Maşın mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.

Maşının döşəməsi heyəti piyada və tank əleyhinə minaların partlamasından mühafizə edir. Daxildə qurulmuş xüsusi oturacaqlar mina partlayıışı zamanı təsiri azaldaraq heyətin xəsarət almasını önləyir. Polad zirehli döşəməyə əlavə olaraq ekipaj bölməsinin döşəməsində minanın təsirini udan kompozit materiallardan ikinci qat balistik qoruma artırılıb. Nəqliyyat vasitəsi sifarişdən aslı olaraq 2 və ya 4 qapılı konfiqurasiyalarda təklif olunur. Yeni avtomobilin dizaynı maksimum əməliyyat effektivliyini təmin edən aktiv qorunma sistemlərini birləşdirir.

10-12 tam təchiz olunmuş personalı daşımaq qabiliyyəti olan “Senator” zirehli xilasetmə vasitəsinin yüksək manevr imkanı təmin edir. “Senator” 6.7 litr turbo dizel mühərriki ilə təchiz edilib. Maşının tipinə və əməliyyat tapşırıqlarına uyğun olaraq müxtəlif silah sistemlərinin inteqrasiyası mümkündür.