20/04/2018 23:12

“Karayel-SU” taktik PUA-nın ilk ixracı həyata keçirilib

Türkiyənin “Vestel Savunma” şirkəti “Karayel” pilotsuz uçuş aparatının (PUA) silahlı versiyası olan “Karayel-SU”nun ilk ixracını həyata keçirib.

“AzeriDefence”nin “Haber7”yə istinadən verdiyi məlumata görə, bu barədə “Zorlu Holding” şirkətinin rəhbəri Ömər Yüngül açıqlama verib.

“Milli imkanlar hesabına hazırlanan “Karayel-SU” PUA-sının ilk ixracını etdik və davamı da gələcək”, – deyə Ömər Yüngül vurğulayıb.

Bildirilib ki, “Karayel-SU” PUA-sı müvafiq qurumların tələbi ilə istehsal edilib və təxminən 3 aya qədər qısa müddətdə PUA-ya sursat inteqrasiyası tamamlanıb və ötən ilin iyun ayında atışlı uçuşunu uğurla gerçəkləşdirib. Bu nəticələrin davamı olaraq “Karayel”in daha artıq faydalı yük daşıması üçün qanad açıqlığı 10,5 metrdən 13 metrə artırılıb. 16 saat havada qalma müddəti isə 20 saata qədər uzadılıb.

PUA-na hər biri 30 kiloqram yük götürən daha iki silah asması əlavə olunmaqla, faydalı yükü 4 silah staniyasında ümumilikdə 120 kiloqrama çatdırılıb. Qanadlardakı silah asmaları mobil dizayna malik olub sursatlarla yanaşı fərqli yüklər daşıya biləcək qabiliyyətə sahibdir.

Məlumatda o da qeyd olunub ki, “Karayel”in istifadə etdiyi yerli sursatlar ROKETSAN şirkəti tərəfindən təmin edilir.