10/11/2017 11:31

“Kazakhstan ASELSAN Engineering” Özbəkistana məhsul ixrac edəcək

“Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti Özbəkistan Silahlı Qüvvələri üçün məhsullar ixrac edəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Anadolu” Agentliyinə müsahibəsində KAE baş direktoru Tarık Ziya Kaboğlu məlumat verib.

KAE-nin fəaliyyəti barədə məlumat verən şirkət rəhbərinin sözlərinə görə, Astana Azad İqtisadi Zonasında yerləşən müəssisəyə son 4 ildə 50 milyon ABŞ dolları investisiya qoyulub.

Onun sözlərinə görə, şirkətin təqdim etdiyi məhsullar hazırda Özbəkistan Ordusu tərəfindən sınaqlardan çıxarılır.

Kaboğlu qeyd edib ki, bu KAE-nin Türkiyədən sonra türkdilli dövlətlərə ikinci ixracatı olacaq. Şirkətin 2013-2023-cü illəri əhatə edən 10 illik planında 2023-cü ilə qədər 1 milyard ABŞ dolları dəyərində satış hədəflədiyini deyən Tarık Ziya Kaboğlu 2014-2017-ci illərdə Türkiyəyə 6 milyon dollara yaxın, Qazaxıstana 100 milyon dollar civarında məhsul satıldığını vurğulayıb: “Hədəfimiz önümüzdəki 6 ildə Türkiyəyə 96 milyon dollarlıq ixracat, Qazzaxıstana 200 milyon dollar həcmində satış həyata keçirməkdir. Belarus, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan və digər MDB dövlətlərinə də 10 il içində 600 milyon dollarlıq ixracat həyata keçirmək üçün çalışırıq”.

Yeni layihələr

Atış  dəqiqliyini yüksəltmək üçün D-30 toplarını elektron sistemlərlə təchiz etdiklərini bildirən KAE rəhbəri sınaqların keçirildiyini və Qazaxıstanın Müdafiə Nazirliyinin bu layihəni diqqətlə izlədiyini və dəstəklədiyini deyib.

Kaboğlu kəşfiyyat-müşahidə sistemləri, habelə 30 mm-lik topun zirehli maşına inteqrasiyası layihələrinin icra olunduğunu və 2018-ci il üçün sifariş gözlədiklərini açıqlayıb.

“Müəyyən etdiyimiz yol xəritəsi üzrə elektro-optik cihazlarla yanaşı, hərbi platformaların modernləşdirilməsi də planlaşdırılır. Bunlara T-72 tanklarının və Mi-17 helikopterlərinin modernləşdirilməsi, “İqla” atıcı qurğular, kəşfiyyat-müşahidə, artilleriya atış sistemləri və döyüş modullarının istehsalını deyə bilərəm. Rabitə vasitələrinin istehsalı da yol xəritəsinə daxil oldu və bu sənəd Qazaxıstanın Müdafiə Nazirliyi tərəfindən təsdiq olundu”, – deyə Kaboğlu qeyd edib.

Kaboğlu istehsal edilmiş 12.7 mm pulemyotla təchiz olunan “Sarp” döyüş modulunun “Kazakhstan Paramount Engineering” şirkətinin “Arlan” maşınlarının silahlanmasına daxil olduğunu bildirib. Ötən dövrdə 36 maşın bu döyüş modulu ilə silahlandırılıb.