15/08/2019 17:01

Keçmiş döyüşçülər Məlikcan əməliyyatının ildönümünü anıblar

Bu gün 848 saylı Füzuli yerli özünümüdafiə taborunun keçmiş döyüşçüləri tərəfindən Məlikcan əməliyyatının ildönümü anılıb.

“AzeriDefence”nin məlumatına görə, taborun bir qrup döyüşçüsü Şəhidlər Xiyabanını ziyarət edərək həmin döyüşdə həlak olan yoldaşlarının və Füzulidə 814 saylı taborun qərargah rəisi olmuş şəhid Elxan Yusifovun məzarı önünə toplaşaraq şəhidlərin xatirəsini yad ediblər.

848 saylı taborun komandiri Zahir Həsənov çıxış edərək Məlikcan döyüş əməliyyatını xatırlayıb. O, deyib ki, rəhbərlik etdiyi hərbi hissə əvvəlcədən hazırlıqlar görərək, yüksəklikdə yerləşən, ermənilərin kompakt yaşadığı və güclü müdafiə olunan Məlikcan kəndini yarım saatdan az bir müddətə azad edib.

“Həmin kəndi almaqla bizim Hadruta yolumuz açılmışdı. Ermənilər Ərgünəş dağına çəkilmişdilər. Təəssüf olsun ki, mənim özümün də indiyədək anlamadığım səbəbdən həmin yüksəkliyi az sonra itirdik”, – deyə Z. Həsənov əlavə edib.

Keçmiş komandir onu da əlavə edib ki, o və əsgərləri bu gün də şəhidlərin qisasını almaq hissi ilə yaşayırlar. Torpaqların azad edilməsi üçün hərbi əməliyyatlar başlayanda yenə bir vaxtlar könüllü şəkildə döyüşlərdə olmuş bu insanlar ordunun yanında, ön sıralarda olacaqlar.