24/08/2019 11:55

Keçmiş döyüşçülərlə sərhəddə bir gün – REPORTAJ/ FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində, avqustun 22-də bir qrup müharibə veteranı və bloqqer Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” sərhəd hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfər ediblər. DSX-nin Ermənistanla sərhəddəki döyüş məntəqələrində xidmət aparan şəxsi heyəti ilə görüş məqsədi daşıyan səfərdə Qarabağ müharibəsi iştirakçısı, sabiq briqada komandiri polkovnik Xətai Baxışov, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov, hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazov, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Rey Kərimoğlu, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı, hərbi bloqqer Tofiq Şahmuradov və mən – “Azeri Defence” jurnalınln baş redaktoru Rəşad Süleymanov iştirak edirdim.

İlk olaraq DSX Sərhəd Qoşunlarının Azərbaycan-Gürcüstan-Ermənistan dövlət sərhədinin birləşdiyi nöqtədə – Babakər dağındakı mövqelərinə qalxırıq. Ehtiyatda olan zabitlər burada sərhədçilərin xidməti üçün yaradılan şəraritlə tanış olub, kazarmalara, döyüş mövqelərinə baş çəkirlər. Məlumat verilir ki, DSX tərəfindən dövlət sərhədi mühafizəyə götürüldükdən sonra ərazidə əlavə mühəndis işləri aparılıb. Şəxsi heyətin təhlükəsiz şəraitdə xidmət etməsi üçün zəruri olan bütün şərait yaradılıb.

Babakər dağının ətəyində yerləşən yeni yaradılmış döyüş mövqelərinə yol alır, ərazidə sərhərçilərimizin önə çəkdikləri mövqelərdən düşmənin üzbəüz döyüş mövqelərini və kommunikasiyalarını müşahidə edirik. Burada məlumat verilir ki, DSX tərəfindən Ermənistan Ordusunun mövqelərini önə çıxarmaq cəhdləri vaxtında aşkarlanıb. Düşmən qarşıdakı ərazilərə daxil olmaq və oradakı yüksəkliklərdə yeni mövqelər yaratmağı planlaşdırıb. Lakin DSX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin cəhdləri iflasa uğradılıb. Döyüş mövqelərimiz hər iki istiqamətdə irəli çəkilib. Bütün bu yerdəyişmələr düşmənin ciddi atəşi altında aparılıb.

Yeni mövqelərdən Ermənistan Ordusunun üzbəüz postları və bu mövqeləri bölüklə birləşdirən yol, həmçinin yaxınlıqdakı qaz paylayıcı stansiya nəzarət altında saxlanılır. Artıq demək olar ki, düşmənin əl-qolu bağlanıb. Yeni mövqelərin yaradılması nəticəsində vaxtı ilə düşmənin atəşinə məruz qalan, istifadə edilməyən minlərlə hektar əkinə yararlı ərazinin istifadəsi təmin edilib.

Dağları dələr – bizim əsgər

Hərbçilərlə söhbət zamanı hərbi ekspert, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Tərlan Eyvazov sərhədçilərin qayaları, sal daşları çaparaq açdıqları yeni səngərləri və yolları göstərərək “bu yolları açmaq, bu şəraitdə bir neçə min metr səngər qazmaq əsl igidlikdir” deyir.

Tərlan Eyvazov

“Mən Əfqanıstanda və Qarabağda xidmət eləmişəm. Dağlarda müdafiə mövqeləri qurmağın nə demək olduğunu bilirəm. Burada süxurların necə bərk olduğunu da bilirəm və gördüm. Bütün bu səngərlər külünglə qazılıb. Hətta öyrəndik ki, burada işləri qısa vaxt ərzində başa çatdırmaq üçün, düşmənin atəşi altında əsgərlərimiz gecə-gündüz işləyiblər. Buradakı işləri sözlə təsvir eləmək çətindir. Görməyincə adamın inanmağı gəlmir”, – deyə Eyvazov qeyd edib.

Polkovnik Baxışov: Düşmən məqssədinə nail olsaydı…

Vəziyyətlə tanışlıqan sonra, elə yeni mövqelərimizdə sərhəddəki vəziyyəti “AzeriDefence”yə şərh edən ehtiyatda olan polkovnik Xətai Baxışov deyir ki, sərhədçilərimizin ərazidə tutduğu yeni mövqelər geniş spektrdə müşahidəyə imkan verir. Həyata keçirilən mühəndis işləri nəticəsində həm şəxsi heyətin, həm də yaxınlıqda yerləşən II Şıxlı kəndinin təhlükəsizliyinin tam təmin olunub.

“Gördüyümüz qədər düşmən sərhədçilərimizin təcrübəsiz olduğunu düşünüb, irəliləmək istəsə də elə öz ərazisində ilişib qalıb. Gəldiyim qənaət ondan ibarətdir ki, bəhs edilən istiqamətlərdə düşmən irəliləyib planladığı mövqelərə çıxsaydı 700 metr yüksəkliyə malik Babakər dağındakı mövqeyimiz əhəmiyyətini itirəcək, həmin mövqe ilə bütün kommunikasiya kəsiləcəkdi. Eyni zamanda düşmən Qırmızı Körpüyə və II Şıxlı kəndinə nəzarət üstünlüyünü əldə edəcəkdi. Sərhədçilərimiz düşməni lokallaşdırmaqla yanaşı üstünlüyü ələ alıblar. Bunu bir daha yerində gördük”.

Polkovnik deyir ki, yaradılan yeni döyüş mövqeləri artıq ərazidəki bütün “kor sahələri” bağlayıb. Bununla da düşmənin ərazidə demək olar ki əl qolu bağlanıb.

“Əsgərlərimizdə, zabitlərimizdə olan ruh yüksəkdir. Sərhəd Qoşunlarımız döyüş mövqelərində yeni olsalar da artıq ortaya kifayət qədər ciddi işlər qoya biliblər. Bu da bir zabit kimi məni fərəhləndirir və ümidləndirir. İnşallah, Ali Baş Komandanımızın əmri ilə ordumuz, sərhədçilərimiz, digər qoşun növlərimizin şəxsi heyəti çiyin-çiyinə, birlikdə hərəkətə keçib torpaqlarımızı azad edəcək, Murovdağdan Araz çayınadək dövlət sərhədlərimizə çıxacağıq”, – deyə X. Baxışov bildirib. 

“Qazax” əlahiddə sərhəd diviziyasının Müdafiə Nazirliyin hissələri ilə birgə qarşılıqlı ciddi əməkdaşlığın və fəaliyyət planlarının olduğu, bəzi məsələlərdə Müdafiə Nazirliyinin dəstəyindən də istifadə edildiyi bildirilib. “Bu əməkdaşlıq düşmənin istənilən böyük miqyaslı təxribatının qarşısını almağa imkan verir.”

Polkovnik Baxışov deyir ki, son günlərdə DSX-nin sərhəddə yeni mövqelər tutuması və üstünlüklər əldə etməsi artıq Ermənistanda narahatlıqlar doğurub: “Bunu kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə görürük. Ermənistan Müdafiə Nazirliyi ört-basdır etməyə, uğursuzluğunu gizlətməyə çalışır, digər yandan da təxribatlara özü yol verdiyi halda KTMT-ni Ermənistanı müdafiə eləməyə çağırır”.

Ön xətdə xidmət edən sərhədçilərə tövsiyələrini verən polkovnik Xətai Baxışov I Qarabağ müharibəsi veteranlarının, ehtiyatda olan zabitlərin hər zaman ordumuzun yanında olduğunu deyib: “Sabah Ali Baş Komandanımız müharibə əmri versin. Əmin olun ki, bizlər həmin andan sizlərin yanınızdayıq. Bizim düşməndən qisasımız hələ qalır”.

Polkovnik deyib ki, ordumuzun uğurlarına sevinməyən bəzi qüvvələr var. Onlar miqyasından asılı olmayaraq hər bir uğura kölgə salmağa çalışırlar: “Belələrinin arasında hər təbəqədən olanlar var. İndi bəziləri çıxıb danışırlar ki, “sərhədçilər nə ediblər? 5-10 metr səngər qazıblar”. Məqsədləri bu dedi-qodularla əsgərlərimizi və ictimaiyyəti ruhdan salmaqdır. Həmin adamların əlinə bel versən, yumuşaq torpaqda yarım metrlik yer qaza bilməzlər. Bəziləri Qazaxı, Babakər dağını yalnız xəritə üzərində tanıyır. Ona görə belələrinə fikir vermək lazım deyil”.

Hərbi ekspert: Babakər dağının harada olduğunu bilməyənlər ağzına gələni yazır

Babakər dağından yeni salınmış yolla digər döyüş məntəqələrinə də baş çəkirik. Döyüş məntəqələrinin bir neçə ay əvvəl istifadəyə verilmiş yeni daşdan tikilmiş kazarma komplekslərində yaşayış və xidmət üçün hər cür şərait yaradılıb. Əraziyə su, elektrik xətti çəkilib. Məntəqələr öz şəraitinə görə, Sərhəd Qoşunlarının döyüş bölgəsindən uzaqda, digər rayonlarda yerləşən sərhəd zastavalarından heç də geri qalmır.

Sərhəd məntəqələrinin birində xidmət edən əsgərlərimizlə nahar edib, söhbətləşirik.

Şəxsi heyət qarşısında çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov səfərimizə şərait yaratdığı üçün DSX rəhbərliyinə təşəkkür etdi. Qısa müddətdə Ermənistanla dövlət sərhədinin müdafiə və mühafizəsini üzərinə götürən DSX-nin həyata keçirdiyi işlərin həcminin ağlagəlməz olduğunu deyən Ü. Cəfərov əldə olunan uğurların davamlı olacağına ümidvar olduğunu bildirdi:

“Bu gün sərhədçilərimiz Babakər dağı istiqamətində mövqelərmizi irəli çəkərək böyük bir ərazini nəzarət altına götürüblər. Bu irəliləmə hansı şəraitdə, necə gedib, bir zabit olaraq, bir müharibə iştirakçısı olaraq bizlər yaxşı bilirik. Dağda süxurları qırıb, əllə min metrlərlə səngər qazmaq, yol açmaq elə-belə gəlməsin. Vətənin hər qarış torpağı bizə əzizdir. Bu gün sərhədçilərimizin gördüyü işlərlə tanış oldum, qürur duydum. Ortaya qoyulmuş iradəni bilavasitə yerində gördüm. Xidmət üçün yaradılan şəraiti də. Kənardan kimlərsə, bəlkə də Qazaxın harada yerləşdiyini, Babakər dağının harada olduğunu bilmir, amma görürsən ağzına gələni yazır. Amma reallıq fərqlidir. Bunu gözlə görməyincə fikirləşmək çətindir”.

Sərhəd döyüş məntəqəsinə müqəddəs “Qurani Kərim” kitabını bağışlayan ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov şəxsi heyətə xidmətdə uğurlar arzuladı: “Burada gördüklərimiz və eşitdiklərimizdən bir daha aydın oldu ki, DSX düşmənin təxribatlarının qarşısını alaraq irəliyib və yeni mövqelərdə möhkəmlənib. Ermənilər öz postlarını önə çəkmək istəyiblər. Sərhədçilərimiz bu təxribatı vaxtında aşkarlayaraq qarşı tərəfin qazıntı işləri aparmasına mane olub və ermənilərin bu mənfur təxribatının  qarşısını alıb. Çətin və deyərdim ki, ağır relyefi  olan bir ərazidə əsgərlərimiz mətinliklə mühəndis işlərini gecə-gündüz uğurla həyata keçiriblər”.

Mürsəl Qurbanov onu da deyib ki, zabit, gizir və əsgərlərimizin zahiri görünüşünə baxdıqda  elə bil ki, çətin şəraitdə ,ön mövqedə xidmət aparan  hərbiçi təsəvvürünü yaratmır: “Hərbi qulluqçularımızın təmiz, pak geyimi, yataq, qida və sanitar qovşaqlarının müasir standartlara uyğun olması bizdə ancaq sevinc hissləri yaratdı. Biz digər ərazilərdə də olduq və bir daha əmin olduq ki, DSX-nin döyüş növbəsini çəkən bütün hərbi qulluqçularına yüksək səviyyədə şərait yaradılıb. Elə əsgər valideynlərinə də deyirəm ki, övladlarınızdan narahat olmayın”.

Qazi Rey Kərimoğlu: Çox ruhlandım

İndiyədək DSX-nin fəaliyyətini kənardan müşahdə etdiyini deyən Qarabağ qazisi Rey Kərimoğlu da səfərin onun üçün çox əhəmiyyətli olduğunu bildirib: 

“Qazax istiqamətində DSX-nin mövqelərini irəli çəkməsi son günlər cəmiyyətin diqqətində idi. Hərə bir söz deyirdi. Nə baş verib? Necə baş verib?- kimi suallar vardı. Mən də bu səfərdə iştirak edib, gedib orada baş verənləri, DSX-nin nəzarətinə götürdüyü postları gördüm. Oradakı şəraiti, ab havanı gördüm. Nizam-intizamı, səliqə səhmanı, ruh yüksəkliyini çox bəyəndim. Mübaliğəsiz deyirəm ki, çox ruhlandım. Əsgərindən generalına qədər sərhədçilərimizin əzmkarlığı, peşəkarlığı, vətənə, millətə, dövlətə sevgisi məndə çox gözəl təəssürat yaratdı. Bu səfər məndə Qarabağın yaxın zamanlarda işğaldan azad ediləcəyinə olan inamı artırdı. Bu bir daha sübut elədi ki, xalqımız, dövlətimiz, ordumuz torpaqlarımızı azad etməyə hazırdır. DSX düşmənin təxribatlarının qarşısını ala və ona təsirli preventiv zərbələr endirməyə hazır bir qurumdur. Babakər dağında düşmənin təxribatının qarşısını alan, düşmənin atəşi altında mövqelərimzi irəli çəkən əsgər və zabitlərimizin əməyini yüksək qiymətləndirirəm”.

Görüşün sonunda tanınmış hərbi mahnılar ifaçısı Şəmistan Əlizamanlının şəxsi heyət qarşısında çıxış etdi. Ön xətdə, düşmənlə bir neçə yüz metr məsafədə Şəmistanın canlı ifasına əsgər və zabitlərimizin də qoşulması göz doldurdu. Sonra əsgərlərimizlə xatirə fotosu çəkdirib ayrılırıq.

Yeri gəlmişkən, səfər gününün sonunda, ön mövqelərlə tanışlıqan sonra digər bölmələrə da baş çəkmək imkanı qazanırıq. Yeni istifadəyə verilmiş hərbi hissələrdə zabitlərin, gizirlərin və onların ailələrinin yaşaması üçün binalar da inşa edilib. Bu da həyacan komandası verildikdə komandir heyətini qısa zamanda toplamağa imkan verir. Burada onu da öyrənirik ki, “Qazax” əlahiddə sərhəd diviziyası ilə yerli icra hakimiyyəti  orqanları, hüquq mühafizə orqanları arasında ilk gündən sıx əməkdaşlıq qurulub. Qazax rayonunun İcra Hakimiyyətinin başçısı da mütəmadi olaraq mövqelərdə olur, şəxsi heyətlə görüşür, ehtiyac duyulan məsələlərdə kömək göstərir.


Azərbaycan-Ermənistan dövlət sərhədinə – DSX Sərhəd Qoşunlarının döyüş mövqelərinə səfərdən xoş təəssüratlarla ayrılırıq. Gördüklərimiz bizdə bir daha inam yaratdı ki, dövlət sərhədlərimiz etibarlı şəkildə qorunur. Ön xətdə xidmət edən əsgərlərimiz hər zaman komandanlığın diqqət və qayğısı altındadır. DSX rəhbərliyi tez-tez ön mövqelərə səfər edərək əsgərlərlə görüşür, onların qayğıları ilə maraqlanır.

Sonda müraciətimizə müsbət yanaşıb, “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrinə səfərimizə icazə verdiyinə görə, DSX rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkürümüzü bildiririk.

Rəşad Süleymanov