13/09/2018 20:20

Kəmaləddin Heydərov İsrailin müdafiə naziri ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

K.Heydərov iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edərək Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə İsrail Müdafiə Nazirliyi Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyinin səmərəli əməkdaşlığından danışıb.  Nazir iki dövlət arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə gələcəkdə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

İsrailin müdafiə naziri hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətindəki əməkdaşlığın əhəmiyyətindən danışıb. Nazir bu sahədə mövcud əlaqələrin daha da dərinləşdirilməsinin mühümlüyünü vurğulayıb.

Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirimiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən video-çarx nümayiş olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.