06/10/2019 12:49

“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib – FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə təşkil olunan mərasimdə DSX rəisi general-polkovnik Elçin Quliyev çıxış edib.

DSX rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmlənməsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını, yeni istifadəyə verilən sərhəd zastavasının isə bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd edib.

Bildirilib ki, “Keşikçi qala” sərhəd zastavası dəniz səviyyəsindən 850 metr hündürlükdə böyük coğrafi sahəni əhatə edən və qədim Alban tarixindən yadigar qalan “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi ilə digərlərindən fərqlənir. Burada xidmət aparan sərhədçilər dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrin, Azərbaycan xalqının mədəni irsinin keşiyində dayanacaqlar.

Tədbir iştirakçıları sərhəd zastavasında yaradılan şəraitlə yaxından tanış olublar. Sərhəd zastavasında şəxsi heyət tərəfindən xidmətin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən yataqxana, yeməkxana, хüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, sıra meydanı, idman meydançası, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifаdəsinə verilib, zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.