10/08/2018 20:55

Komitə sədri: Özbəkistan hərbi sənayeyə xarici sərmayənin cəlbi istiqamətində işlər aparır

Özbəkistan hərbi sənaye sektorunun inkişafına xarici sərmayənin cəlbi və birgə layihələrin reallaşdırılması istiqamətində işlər aparır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin “Vətənpərvər” qəzetinə müsahibəsində bu ölkənin Dövlət Müdafiə Sənayesi Komitəsinin sədri Atabəy İbullayev bildirib.

Komitənin silahlı qüvvələr və güc strukturlarının iştirakı ilə müdafiə sənayesinin inkişafına dair “Yol xəritəsi” hazırladığını qeyd edən A.İbullayev bildirib ki, burada dövlət müdafiə sifarişlərinin formalaşdırılması, müdafiə sənayesi təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, xarici tərəfdaşlarla əməkdaşlıq qurulması, xaricdən investisiyaların cəlbi və s. bu kimi məsələlər yer alıb.

Atabəy İbullayevin sözlərinə görə, Fransa, Türkiyə, Pakistan, Belarus kimi ölkələrlə hərbi-texniki əməkdaşlığın inkişafı üzrə ikitərəfli sazişlər hazırlanıb. Bu il, Fransa, Çin, Koreya və Belarus müdafiə sənayesinin nümayəndə heyətləri ilə Daşkənddə ikitərəfli görüşlər planlaşdırılır.

“Müdafiə sənayesinə investisiya və qabaqcıl texnologiyanın cəlbi ilə bağlı dünyanın aparıcı şirkətlərindən çoxsaylı təkliflər var”, – deyə Komitə sədri vurğulayıb.

Yaxın perspektiv üçün nəzərdə tutulan layihələrdən danışan Komitə sədri bildirib ki, Çirçik Aviasiya Təmir Zavodunda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı və Fransanın “Airbus Helicopters” şirkəti ilə birlikdə helikopterlər üçün xidmət mərkəzi qurmaq üçün danışıqlar aparılır. Eyni zamanda, Rusiya ilə adıçəkilən zavodda təyyarələrin təmiri və modernləşdirilməsi nəzərdə tutulur. Adıçəkilən müəssisənin iştirakı ilə “Mi” tipli helikopterlərin təmiri və modernləşdirilməsini həyata keçirən “Uz-Rossavik” birgə müəssisəsi yaradılıb.

Daşkənddə yerləşən “Vostok” Dövlət Unitar Müəssisəsi tərəfindən hazırlanmış sursatın nomenklaturasını genişləndirmək üçün xarici tərəfdaşlarla işlər aparılır.

Bundan başqa, əsas profili iqtisadiyyatın digər sahələri üçün məhsullar istehsal etmək olan UNİCON Dövlət Unitar Müəssisəsi, “Toshelektronics”, “Ximavtomatika-group”, “Energy Alternatives” şirkətlərində müdafiə sənayesi üzrə məhsulların yaradılmasını həyata keçirmək üçün dizayn büroları yaradılıb.

A.İbullayev qeyd edib ki, Komitənin qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, xarici tərəfdaşlarla yüngül zirehli hərbi yük maşınları, radio rabitə, fərdi qoruyucu vasitələrin istehsalına başlamaq üçün işlər görülüb. Bundan əlavə təyyarə, zirehli nəqliyyat vasitələri, hava hücumundan müdafiə və digər hərbi texnikaların təmiri və modernləşdirilməsi xidmətlərinin həyata keçiriləcəyi mərkəzlərin yaradılması istiqamətində sıx işlər aparılır.