10/09/2016 23:03

Koreya və Azərbaycan arasında hərbi əlaqələrin inkişaf perspektivi yüksəkdir

Siyasi və iqtisadi əlaqələri yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Koreya Respublikası son 4 ildə bu sahəyə hərbi əməkdaşlığı da əlavə edib. Iki ölkənin müdafiə qurumları arasında qarşılıqlı səfərlər, eləcə də Koreya müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin Bakıda ADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirakı, nəhayət 2015-ci ilin avqust ayında Azərbaycanda Koreya Hərbi Attaşelik Aparatının fəaliyyətə başlaması bu sahədə atılan addımlardan bəziləridir. Koreya Respublikasının Azərbaycandakı müdafiə attaşesi polkovnik-leytenant cənab Li CONQÇE (Lee Jeongjae) ilə müsahibəmizdə gələcək planlara nəzər salmağa çalışdıq.

Azeri Defence: Ötən ilin avqust ayında Azərbaycanda Koreya Hərbi Attaşelik Aparatının açılışı oldu. Bu, özlüyündə hər iki ölkə arasındakı hərbi əməkdaşlıq sahəsində tarixi bir hadisədir. İlk hərbi attaşe olaraq, hər iki ölkə arasındakı əməkdaşlığın hazırki səviyyəsi və iki ölkə arasındakı əlaqələrin perspektivləri haqqında fikrinizi öyrənmək istərdik.

Li CONQÇE: İki ölkə arasındakı münasibətlərə nəzər salsaq 2012-ci ilin oktyabr ayında Koreyada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının təsis edilməsi, 2015-ci ilin avqust ayında Azərbaycan Respublikasında Koreya Respublikasının Hərbi Attaşelik aparatınn yaradılması, 2015-ci ilin noyabr ayında Koreyanın Hərbi Dəniz Qüvvələrinin komandanının Azərbaycana ilk səfəri, 2016-cı ilin mart ayında Azərbaycanlı hərbçinin ilk dəfə olaraq Koreyada təhsil almağa göndərilməsi və digər hadisələrdən iki ölkə arasındakı müdafiə sahəsindəki əməkdaşlığın səylə inkişaf etdirildiyini görə bilərik. Koreya tərəfi Azərbaycanla müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğundan iki ölkə arasındakı əməkdaşlığın gələcəkdə  Müdafiə Nazirliyi səviyyəsində daha da gücləndiriləcəyinə inanıram.

Azeri Defence: Hərbi attaşe olaraq hansı fəaliyyət sahəsinə daha çox üstünlük verirsiniz?

Li CONQÇE: Koreya və Azərbaycan coğrafi cəhətdən uzaq olsa da oxşar cəhətləri çoxdur. Oxşar cəhətlərdən biri hər iki ölkənin geosiyasi baxımdan böyük dövlətlərin arasında yerləşdiyindən tarix boyu işğala məruz qalmasına baxmayaraq çalışqan və üstün insan resurslarının hesabına inkişafa nail olmasıdır. Həmçinin Altay mədəniyyətinə aid hər iki ölkə insan resursları və maddi resursların mübadiləsi sahəsində böyük potensiala malik olduğundan birgə rifaha nail ola bilərlər. Xüsusilə də ümumi diplomatiya və müdafiə diplomatiyası sahəsində dərin əməkdaşlıq etmək üçün əlaqələrimiz mövcuddur. Koreya və Türkiyənin qan qardaşlığı (“Qardaş ölkə”) əlaqəsi olduğu kimi, Azərbaycanla Türkiyə də qardaş ölkə sayılırlar. “Qardaşımın qardaşı mənim qardaşımdır” ifadəsində olduğu kimi Koreya ilə Azərbaycan münasibətləri də adi səviyyədə deyil. Buna görədir ki, Koreyanın Müdafiə Nazirliyi Azərbaycana qarşı sevgi və yaxınlıq münasibətləri bəsləyir və xüsusilə də Azərbaycanla dostluq münasibətlərinin yaradılmasına maraq göstərir. Buna uyğun olaraq mən də Hərbi attaşe olaraq hər iki ölkənin hərbi sahədə yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərinin də daxil olduğu əməkdaşlığa yönəlmiş fəaliyətlər planlaşdırıram. Koreyada belə bir atalar sözü var: “Bir şəkil min sözdən irəlidir”. İnsan münasibətlərinin vacibliyini vurğulayan bu ifadədə olduğu kimi bizim ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin də qarşılıqlı təcrübə mübadiləsinə töhfə verəcəyinə inanıram.

Azeri Defence: Dövlətlər arasında hərbi əməkdaşlığı formalaşdıran hansı sənədlər mövcuddur? Yaxın gələcəkdə hər hansı bir sənədin imlazanması gözlənilirmi?

Li CONQÇE: Koreya və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2013-cü ilin dekabrında müdafiə naziri general-polkovnik Zakir Həsənovun Koreyaya səfəri çərçivəsində imzalanıb və yaxın müddətdə belə bir əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulmur. Gələcəkdə belə bir sənədin imzalanmasına ehtiyac olacağı təqdirdə Koreya tərəfi yüksək təşəbbüslə çıxış edəcəkdir. Koreya Milli Müdafiə Nazirliyi mübadilənin mövcud olduğu ölkələrlə mövcud  problemlərin müzakirə edildiyi qarşılıqlı prinsip əsasında Müdafiə Siyasəti Danışıqları təşkil edir. Müdafiə Siyasəti Danışıqları yüksək vəzifəli rəsmilərin iştirakı ilə və Koreya Repsublikası və Azərbaycan Respublikası arasında imzalanmış Müdafiə Sahəsində Anlaşma Memorandumuna əsaslanaraq keçirilir. Bu danışıqlar zamanı müzakirə olunan mübadilə planları, təhsil, hərbçi mübadiləsi və digər mövzular isə geniş miqyaslı müdafiə siyasətinin yaradılmasında mühüm rol oynayır.

da

Azeri Defence: Koreya hərbi sənaye sahəsində inkişaf etmiş ölkələrdən biridir. Adı çəkilən sahədə əməkdaşlıq üçün hansı imkanlar mövcüddur? Xüsusilə hansı sahədə?

Li CONQÇE: Koreya müdafiə sənayesi 1970-ci illərdən inkişaf etməyə başlayıb və  2006-cı ildə Müdafiə Sənayesi Administrasiyasının yaradılması ilə daha da sürətlə inkişafa davam edib. Bu yaxınlarda yüksək vəzifəli rəsmilərin görüşü və müdafiə sərgilərində iştirak kimi müdafiə sənayesi sahəsində əməkdaşlıq həyata keçirilməkdədir. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq ancaq müdafiə avadanlıqlarının idxal və ixracı ilə məhdudlaşmır. Hərbi sənaye sahəsindəki əməkdaşlıq həm də hərb texnikası mübadiləsi, seminar və tədqiqat sahələrinin də daxil olduğu fərqli sahələrdə davam etdirilir. Bu sahədəki əməkdaşlıq əlaqələrinin inkişaf perspektivinin də yüksək olduğuna inanıram.

Azeri Defence: Koreya müdafiə şirkətlərinin məhsulları Azərbaycana ixrac olunurmu? Koreya mudafiə məhsullarını azərbaycanda tanıtmaq üçün hansı addımlar atılır?

Li CONQÇE:  Hazırda Azərbaycanda fəaliyyət göstərən müdafiə sənayesi şirkətimiz olmasa da, Azərbaycana müdafiə avadanlıqlarının ixracı məqsədilə Koreya şirkətlərinin fərqli yönlərdə təşəbbüs göstərdiyini deyə bilərəm. Azərbaycanın da müdafiə sənayesi sahəsində Koreya ilə əməkdaşlıqda maraqlı olduğunu düşünürəm. Belə ki, texniki bacarıqların inkişaf etdirilməsi məqsədilə inkişaf etmiş ölkələrlə yalnız texniki əməkdaşlıq deyil, həmçinin müstəqil (heç bir ölkədən asılı olmadan) milli müdafiə bacarığının əsaslarını qurmaq da vacibir. Buna görə də  iki ölkə arasında birgə texniki inkişaf və digər sahələrdə əməkdaşlıq vacibdir. Koreyanın Azərbaycandakı səfirliyinin Hərbi Attaşelik aparatı də rəsmi olaraq bu əməkdaşlığa öz dəstəyini əsirgəməyərək koordinator vəzifəsini həyata keçirəcəkdir.

Azeri Defence: Koreya dənizçilik sənayesində inkişaf etmiş ölkələrdən birisiniz. Bu günə qədər, bir sıra Koreya şirkətləri hərbi-dəniz sahəsində əməkdaşlıq etmək üçün Bakıya səfər edib. Həmin səfərlərin nəticəsi olubmu?

Li CONQÇE:  Qeyd etdiyiniz kimi Koreya dünya bazarında gəmi və gəmiqayırma texnologiyasına görə rəqabət bacarığına sahib ölkədir. Ölkəmizin gəmi dizaynı və tikinti texnikası, həmçinin qiymət rəqabətinə davamlılığından irəli gələn inkişaf etmiş gəmiqayırma sənayesi hərbi dəniz texnikası sahəsinin də inkişafına təkan verir. Koreya dünyada 5-ci AEGİS döyüş sisteminə malik ölkədir. Bunun Koreya və Azərbaycan respublikaları arasındakı müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrinin yaranmasına təkan verəcəyinə və bununla da hərbi dəniz sənayesi sahəsində hər iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdiriləcəyinə əminəm. Gələcəkdə əməkdaşlıq imkanlarının da lazımınca dəyərləndiriləcəyinə ümid edirəm.

Azeri Defence: Koreya və Azərbaycanda keçirilən hərbi sərgilərdə qarşılıqlı iştirak barədə nə düşünürsünüz?

Li CONQÇE:  Seulda keçirilən müdafiə sərgisində aviasiya, kosmos və müdafiə sənayesi avadanlıqdları təqdim edilir. Bu sərgi sənayenin hazırki inkişafını göstərən ən yüksək səviyyəli sərgidir. 2013-cü il Seul Müdafiə Sərgisində Azərbaycanın keçmiş müdafiə naziri və hərbi hava qüvvələrinin komandanı iştirak etmiş, Koreya hərbçiləri ilə tanışlıq görüşləri keçirmişdilər. Bu il də Koreya nümayəndə heyətinin Bakıda keçiriləcək ADEX-2016 Beynəlxalq Müdafiə Sərgisində iştirakı gözlənilir. Müdafiə sərgilərində qarşlıqlı iştirakın müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə inanıram.

Azeri Defence: Yaxın gələcəkdə qarşılıqlı səfərlər gözlənilirmi?

Li CONQÇE:  Qarşılıqlı səfərlər Koreya və Azərbaycan Respublikaları arasındakı İkitərəfli Hərbi Əməkdaşlıq Planına əsasən həyata keçirilir. Hazırda 2016-2017-ci il üçün əməkdaşlıq planı imzalanıb və plana əsasən hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Bu il də Müdafiə Siyasəti Planlaşdırılması Görüşünün Koreyada təşkilini, Koreya Hərbi Dəniz Qüvvələrinin komandanının dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanının Koreyaya səfəri, Bakıda keçiriləcək ADEX-2016 Beynəlxaq Müdafiə Sənayesi Sərgisində iştirak üçün koreyalı hərbçilərin Azərbaycana səfəri gözlənilir. Bu görüşlərin nəticəsi olaraq təcrübə mübadiləsinin genişlənəcəyinə və təhlükəsizlik sahəsində qarşılıqlı anlaşmanın həyata keçəcəyinə ümid edirəm

Azeri Defence: Cənab polkovnik-leytenant, son sualımızı da vermək istərdim. Şimali Koreyanın son vaxtlardakı hərbi fəaliyyəti ilə bağlı nə düşünürsünüz?

Li CONQÇE:  Şimali Koreya ən təhlükəli və gözlənilməz siyasətə malik ölkələrdən biridir. Ölkə rəhbərliyi ölkədaxili iqtisadi çətinliklərə əhəmiyyət vermədən nüvə inkişafı proqramı və raket testlərinə böyük diqqət ayırmaqdadır. Bu il də Şimali Koreya beynəlxalq təşkilatların sərt tədbirlərinə məhəl qoymadan 4-cü nüvə raketi testini və fərqli uzaqməsafəli raket testlərini həyata keçirib. BMT Təhlükəsizlik Şurası yeni sanksiya qəbul etdi və Avropa İttifaqı iqtisadi sanksiyaların tətbiqi üçün proseduralara start verdi. Çin, Rusiya və ABŞ-ın da daxil olduğu bir çox ölkə BMT-nın Şimali Koreyaya qarşı sankiyasını qəbul ediblər. Şimali Koreyanın Nüvə testi və Raket Testləri dünya təhlükəsizliyi üçün böyük təhlükədir. Koreya Milli Müdafiə Nazirliyi də bu sahədə Azərbaycanın Şimali Koreyanın təhlükəli addımlarına daha çox diqqət ayırmasına və Koreya Respublikasını bu baxımdan yaxından dəstəkləməsinə ümid edir. Mən də Şimali Koreyanın qısa müddətdə beynəlxalq ictimaiyətin üzvü olaraq məsuliyyətli hərəkət etməyə başlamasına ümid edirəm.