14/12/2017 20:39

KPE şirkəti Qazaxıstan Silahlı Qüvvələrinə “Marauder”in yeni konfiqurasiyasını təqdim edib

Cənubi Afrika müdafiə sənayesinin aparıcı şirkətlərindən olan “Paramount Group” və Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinin birgə qurduğu “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin istehsalı olan “Arlan” (orijinal adı “Marauder”) zirehli maşınların son partiyası Qazaxıstan Xüsusi Təyinatlı Qüvvələrinə çatdırılıb.

Bu barədə “AzeriDefence”yə “Paramount Group” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Arlan” minaya qarşı qorumalı maşınları (MRAP) Qazaxıstan Xüsusi Təyinatlı Qüvvələri ilə yanaşı Müdafiə Nazirliyi və digər təhlükəsizlik orqanları üçün də tədarük edilir. KPE şirkəti 2018-ci ildə çatdırılması planlışdırılan növbəti böyük sifarişlə əlaqədar “Arlan” zirehli maşınların istehsal sayını artırıb.

“Paramount Group” şirkətinin təsisçisi və icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) bildirib ki, iki ildən az bir müddət ərzində yeni zirehli avtomobil zavodu tikilib: “Yüksək səmərəli yerli işçi qüvvəsi yaradıb, yeni nəqliyyat vasitələrinin istehsalı ilə müdafiə sənayesini inkişaf etdirmişik. Müştərilərimizin sifarişləri daha da artdığına görə zirehli maşınların istehsal sayını artırırıq. Bu, çox qürur duyduğumuz ən böyük nailiyyətdir. Bu, portativ istehsal modelimizin işlədiyini göstərir. Bu, doğru tərəfdaşlarla dünyanın hər hansı bir yerində istehsal qurmaq və dünya səviyyəli texnologiyaları müştərilərimizə sürətli və səmərəli şəkildə çatdırıldığını göstərir”.

Xüsusi Təyinatlı Qüvvələri üçün konfiqurasiya edilmiş “Arlan” müxtəlif xüsusi rabitə vasitələri, barrikadaları dağıtmaq üçün önlük, məftil çəpərləri və maneələri yarmaq üçün kəsici bıçaqlar, habelə elektronik sistemlər və komponentlər daxil olmaqla müxtəlif köməkçi avadanlıqlarla təchiz olunub. Bundan başqa zirehli maşına gecəgörmə avadanlığı, IR kameralar, kompüter stansiyası və GPS sistemi quraşdırılıb.

“Arlan” zirehli maşınları “Paramount Group” şirkətinin “Marauder” MRAP çoxməqsədli nəqliyyat vasitəsinin təkmilləşdirilmiş versiyalarından biridir. “Paramount Group”un İnnovasiya Mərkəzində dizayn olunan “Arlan” Qazaxıstanın ekstremal şərait və mühitlərində geniş sınaqdan keçirilib.

Onu da qeyd edək ki, “Arlan” çoxməqsədli zirehli maşını Qazaxıstan Silahlı Qüvvələrinin tələbləri və tövsiyələri nəzərə alınaraq KPE-in konstruktor bürosunda hazırlanıb. Gücləndirilmiş mina əleyhinə müdafiəyə malik “Arlan”ın korpusu V dizaynına əsaslanır. Maşının heyəti 2+8 əsgər, döyüş çəkisi 16 ton, sürəti 100 km/saat təşkil edir. “Arlan” -50⁰, +50⁰ sərt iqlim şəraitində istismara uyğunlaşdırılıb.  “Arlan” zirehli maşınları Türkiyənin ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılıb.

Məlumatda o da bildirilib ki, KPE şirkətinin Astanada 15,000 m2 ərazidə yerləşən zavodu Mərkəzi Asiya və Qazaxıstanda bu imkanlarla zirehli nəqliyyat vasitəsi istehsal edən ən iri zavod hesab olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, bu zavodun zirehli maşın texnologiyaları üzrə regional tələbatı ödəmək üçün, ildə 200-dən çox, dünyanın ən qabaqcıl zirehli nəqliyyat vasitələrini istehsal etmək gücü var.