24/01/2013 07:57

“Kurqanes-25” PDM-nın ilk prototipi yaxın aylarda hazır olacaq

Rusiyanın yeni nəsil amfibiya tipli piyadaların döyüş maşını (PDM) sayılacaq “Kurqanes-25”in ilk nümunəsi bu il hazır olacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Kurqanmaşzavod” sənaye qrupu məlumat yayıb.

Hazırda “Kurqanmaşzavod” sənaye qrupuna daxil olan “Traktor Zavodları” Konsernində yeni yüngül zirehli PDM-in birinci prototipi yaz aylarında hazır olacaq.

Maşının yaradılması Rusiya Federasiyası Müdafiə Nazirliyinin sifarişi üzrə aparılır. Məlumatlara görə, yeni “Kurqanes” platforması əsasında istehsal ediləcək zirehli texnika 2015-ci ildən sonra qoşunların silahlanmasında yer alacaq.

“Kurqanes-25” layihəsi çərçivəsində istehsal ediləcək maşınının çəkisi 25 ton ötməyəcək. Mühərrik və transmissiya maşının ön hissəsində yerləşəcək. Maşının desant çıxışı isə arxa hissədə olacaq. Maşın heyətdən əlavə 8 desantı daşıyacaq.