14/02/2018 11:52

Latviya Ordusu “Spike” tank əleyhinə raket kompleksləri alır

Latviya Müdafiə Nazirliyi fevralın 12-də “EuroSpike GmbH” şirkəti (İsrail və Almaniyanın birgə müəssisəsi) ilə “Spike” tank əleyhinə raket kompleksinin alğı-satqısına dair müqavilə imzalayıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, imzalanan müqavilənin ümumi dəyəri 108 milyon avro təşkil edib. Tank əleyhinə raket komplekslərinin Latviyaya çatdırılması 2023-cü ildə həyata keçiriləcək. Latviya əldə edəcəyi “Spike” raket komplekslərinin Böyük Britaniyadan aldığı CRV(T) tırtıllı zirehli döyüş maşınlar (təxminən 30 maşına) üzərinə quraşdırmağı planlaşdırır. Konkret olaraq, “Spike”ın hansı modifikasiyasının alınması açıqlanmır. Ancaq o məlumdur ki, əvvəllər Latviya 12 ədəd “Spike-LR” modifikasiyalı tank əleyhinə raket kompleksi alıb.

“Eurospike” şirkəti 2004-ci ildən Almaniyada “Spike-LR” və “Spike-MR” komplekslərinin birgə istehsalını həyata keçirir. Müqavilə imzalanan gün, yəni fevralın 12-də həmçinin bildirilib ki, Latviyanın adı çəkilməyən şirkəti “EuroSpike” şirkəti ilə birgə raketlərin istehsalında iştirak edəcək.

Qeyd edək ki, İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Spike”ın bir neçə növü mövcuddur. Bunlar “Spike NLOS”, “Spike-SR”, “Spike-MR”, “Spike-LR” və “Mini Spike”dir. “Spike NLOS” – raket kompleksinin uzunluğu 1.5 metdir. Çəkisi 75 kiloqram olan raket kompleksinin uçuş məsafəsi 25 km-dir. “Spike-SR”in uzunluğu 1.5 metr, çəkisi 9 kiloqramdır. “Spike” sinfinin ən kiçik raket kompleksidir. Bu kompleksin hədəfi 800 metrə qədər məhv edə bilir.

“Spike-MR” – bu “Spike” raket kompelksinin orta variantıdır. 2500 metrə qədər hədəfi məhv etmə qabiliyyətinə malikdir. “Spike-LR” – raket kompleksinin bu növü isə uzaq məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. 4000 metrə qədər olan hədəfləri məhv edir. “Mini Spike” – raket kompleksinin bu növü ən yaxın məsafələri məhv etmək üçün nəzərdə tutulub. “Spike” tank əleyhinə raket kompleksi Azərbaycan Ordusunun arsenalına bir neçə il öncə daxil edilib.