04/08/2018 11:10

Lənkəranda sərhədyanı rayonların sakinləri ilə görüş keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Sərhədi xalq qoruyur” mövzusunda Lənkəran rayonunda sakinlərlə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə dövlət sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilib, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanıb. İctimaiyyət nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edərək, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildiriblər. Sonda sərhədlərin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılıb.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş etdirilib.

Qeyd edək ki, “Sərhədi xalq qoruyur” devizi ilə keçirilən görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumat verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır.