10/09/2017 21:07

“Lubawa” şirkəti Ermənistanda BMP-2 və tank imitatorları istehsal edəcək

“Lubawa” şirkətinin Ermənistandakı müəssisəsi Ermənistanın Müdafiə Nazirliyindən zirehli texnika imitatorları və müasir multispektral gizləmə örtükləri sifariş alıb.

Bu barədə “AzeriDefence” MSPO-2017 sərgisində iştirak edən “Lubawa” şirkətindən məlumat əldə edib.

Sifarişin sayı barədə məlumat verməyən şirkət nümayəndələrinin sözlərinə görə, Erəmənistan Ordusu üçün BMP-2 piyada döyüş maşınları və tank imitatorları istehsal olunacaq. Ermənistandakı zavodda artıq nümunələr yaradılıb və istehsal prosesinə hazırlıq işləri tamamlanıb: “Gələcəkdə müxtəlif texnikaların imitatorlarının yaradılması və istehsalı barədə görüşmələr davam edir”.

“Hazırda multispektral örtüklərin istehsalı və çatdırılması prosesi gedir. Bundan başqa zavodda Ermənistan Ordusunun tələblərinə uyğun olaraq zirehli gödəkcələrin istehsalı aparılır. Bu gödəkcələrin üzərindəki texniki tekstil və zireh lövhələrini  istehsalı yerində qurulub”, – deyə şirkət nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Ermənistanda qurulmuş “Lubawa Armenia” müəssisəsi Ermənistan Ordusunu, polis və Fövqəladə Hallar Nazirliyini şişmə çadırlar, polis geyimləri (robocop), zirehli gödəkcə və digər məhsullarla təchiz  edir. “Lubawa”nın Ermənistanda istehsal etdiyi çadırlar və polis təchizatları iki postsovet respublikasına ixrac olunub.

Aşağıdakı fotoda “Lubawa Armenia” şirkətinin “ArmHiTech-2016” sərgisində nümayiş etdirdiyi imitator və maskalanma örtüyü yer alır.