01/09/2019 00:11

Macarıstan Türkiyənin “Əjdər Yalçın” zirehli maşınlarını seçdi

Macarıstan Türkiyənin “Nurol Makina” şirkəti tərəfindən istehsal edilən “Əjdər Yalçın” zirehli maşınlarını idxal edəcək.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Macarıstan bir müddətdir ordusunun texnoloji imkanlarını artırmaq və Sovet dövründən qalma köhnə texnikaları müasir Avropa standartlarına uyğun texnikalarla dəyişdirmək qərarına gəlib. Zirehli avtomobil boşluğunu tamamlamaq üçün məhz Türkiyənin “Əjdər Yalçın”ı seçilib.

“Əjdər Yalçın” bundan əvvəl 5 ölkə tərəfindən idxal olunsa da, Avropa Birliyi ölkələrindən ilk dəfə Macarıstan avtomobilin ixracatçısı olub.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.

4×4 təkər formuluna malik “Əjdər Yalçın” TTZA sinfində minaya qarşı ən yüksək qorumanı təmin edir. Maşının mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılıb. “Əjdər Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir.