30/04/2017 14:19

Malayziyanın patrul kateri “Mühafiz” döyüş modulu ilə atış testi keçirib – FOTOLAR

Malayziya Hərbi Dəniz Qüvvələrinin patrul gəmilərinə yeni inteqrasiya edilən ASELSAN şirkətinin istehsalı olan 30 mm-lik “Mühafiz” distans idarə olunan stabilləşdirilmiş topun atış sınaqları keçirilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Atış testi Pulau Mentaqordan təxminən 15 mil qərbdə, Rajanın sahillərində KM “Bagan Datuk” (4541) yeni nəsil patrul gəmisindən (NGPC) həyata keçirilib.

“Mk44 Bushmaster II” topu ilə təchiz olunmuş “Mühafiz” döyüş modulu hədəfləri dəqiqliklə vurub və qüllənin testi uğurla nəticələnib.

30 mm çaplı Stabilləşdirilmiş Top Sistemi (“Mühafiz”) döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış distans idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” Sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.

“Mühafiz” Sistemində optik görüş və silah nişangahı sistemin montaj edildiyi platformanın hərəkətlərinə bağlı olmadan hədəf üzərində qala bilməsi üçün ayrı-ayrı stabilləşdirilib. Gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir. Sistem, avtomatik hədəf təqibi və balistik hesablama qabiliyyətinə malik olub üzərinə yerləşdirilmiş olduğu platforma və ya hədəf hərəkət halında olduqda belə yüksək dəqiqliklə atəş açmağa imkan verir.

Qeyd edək ki, hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizəsi, Quru Qoşunları və Əmniyyət Baş İdarəsinin inventarında da yer alan ASELSAN şirkətinin distans idarəetmə döyüş modulu 10 ölkənin silahlanmasında mövcuddur.

“Bagan Datuk” kateri 2015-ci ildə Malayziyanın “Destini Shipbuilding & Engineering” və Almaniyanın “Fassmer Shipbuilding Company” gəmiqayırma şirkətləri tərəfindən inşa edilib.

380 milyon MYR (87 milyon USD) dəyərində müqavilə əsasında adı çəkilən şirkətlər Malayziya Hərbi Dəniz Qüvvələri üçün 6 ədəd patrul kateri tikib.

Katerlərin uzunluğu 44.25 metr, hündürlüyü 7.7 metr, eni 1.95 metr və su tutumu 297 ton təşkil edir.

“Bagan Datuk” katerinində “Thales” şirkətinin istehsalı olan “Fulmar” pilotsuz uçuş aparatı da (PUA) təchiz olunub.