17/09/2019 22:38

“Mbombe 4” zirehli maşını partlayışa davamlılıq sertifikatı alıb

Mərkəzi ofisi Cənubi Afrika Respublikasında yerləşən “Paramount Group” şirkətinin 4×4 təkər formuluna malik “Mbombe 4” zirehli maşını partlayış testlərini keçdiyini təsdiqləyən sertifikatı alıb.

Bu barədə “AzeriDefence”yə “Paramount Group” şirkətindən məlumat verilib.

NATO-nun STANAG 4569 Level 4a və Level 4b səviyyəsinin tələblərinə cavab verən zirehli maşın öz sinfində ən yüksək müdafiəni təmin edir.

Sınaqlar və sertifikatlaşdırma “Landward Sciences” və CAR-ın aparıcı və müstəqil elmi-tədqiqat qurumu olan Elmi və Sənaye Tədqiqatları Şurası (CSIR) tərəfindən aparılıb.

Partlayış testləri ən yüksək beynəlxalq spesifikasiyalara uyğun olaraq həyata keçirilib. “Mbombe 4”ün təkərinin və gövdəsinin altında 10 kq, yanda 5 metr məsafədə 50 kiloqram TNT ekvivaletində partlayışlar imitasiya edilib.

Şirkətin məlumatında bildirlir ki, nəqliyyat vasitəsi dünyanın bir neçə ölkəsininin silahlı qüvvələrində yay sınaqlarını uğurla tamamlayıb.

“Mbombe 4”ün sürəti 140 km /saat, gediş ehtiyatı 800 km təşkil edir. Maşında müstəqil asqı, arxa hissədə heyətin rahat minib düşməsi üçün qatlanan, rampa tipli qapı tətbiq olunub. Maşının ilk xarici müştərisi  Birləşmiş Ərəb Əmirlikləridir.