25/02/2015 11:40

“Mbombe”nin Azərbaycanda testlərinə başlanır

EKSKLÜZİVYaxın günlərdə Azərbaycanda CAR-ın “Paramount Group” şirkətinin “Mbombe” piyadaların döyüş maşınının testlərinə start veriləcək.

Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazir maşının bu günlərdə Azərbaycana gətirildiyini qeyd edib. Onun sözlərinə görə, testlər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçiriləcək. Testlərdən sonra bu maşının Azərbaycanda seriyalı istehsalına dair müqavilənin imzalanması gözlənilir.

“Paramount Group” şirkətinin sədri Ayvor İçikovitz isə “Mbombe”nin Azərbaycanda testlərdən uğurla keçəcəyinə ümidvar olduğunu bildirib. Şirkət rəhbəri adı çəkilən maşının bundan əvvəl isti iqlimdə ərəb ölkələrində və Qazaxıstanda qış şəraitində, – 50 dərəcə tempereturda, qarlı ərazilərdə keçirilən testlərdə yüksək nəticə göstərdiyini deyib.

Qeyd edək ki, fevralın 23-də Abu Dabidə “Paramount Group” və İordaniyanın KADDB təşkilatı Ammanda 50 ədəd “Mbombe”nin istehsalına dair müqavilə imzalayıb. Bu maşınların Qazaxstanda “Bars” adı ilə istehsalı planlaşdırılır.