30/10/2019 09:34

MDB Müdafiə nazirləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.

“AzeriDefence”nin məlumatına görə, iclas iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

İclas iştirakçılarına Şəhidlər xiyabanının tarixi və Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Qeyd edək ki, iclasda Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər.