30/10/2019 12:58

MDB Müdafiə Nazirlərinin Bakıda keçirilən iclası başa çatıb

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclası başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, iştirakçı ölkələrin Müdafiə nazirləri iclasın yekununa dair sənədləri imzalayıblar.

İclasda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyət ilə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirilib. “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub. MDB ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planına baxılıb.

Tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak ediblər.